AZ

“20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi”

“20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış, siyasi məqsədli və hərbi cinayət xarakteri daşıyan qanlı əməliyyatı idi”.

Publika.az xəbər verir ki, bu fikri 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, vurğulayıb ki, bu qırğın təsadüfən baş verməmişdi. “Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı açıq və qəti mövqe nümayiş etdirən Azərbaycan cəmiyyətini qorxutmaq, milli azadlıq iradəsini boğmaq üçün Kreml ən qəddar üsula əl atdı. Mixail Qorbaçovun birbaşa əmri ilə Bakıya yeridilən on minlərlə hərbçi ağır texnika, tanklar, zirehli maşınlar və avtomatik silahlarla dinc əhaliyə hücum etdi. Küçələrdə insanlar qətlə yetirildi, təcili yardım maşınları atəşə tutuldu, yaşayış məhəllələri mühasirəyə alındı. Bu, hüququn, humanizmin və beynəlxalq normaların açıq şəkildə tapdanması idi və Sovet dövlətinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terrorunun bariz nümunəsi kimi tarixə düşdü”.

Millət vəkili fikirlərini davam etdirərək keçmiş sovet ordusunun iri kontingenti tərəfindən Bakının zəbt olunmasının xüsusi qəddarlıqla müşayiət edildiyini bildirib: “Öz çirkin məqsədlərini yerinə yetirmək üçün 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdilər. Azərbaycan xalqı yanvar ayının 19-dan 20-nə keçən gecə şiddətli hərbi təcavüzlə üzləşdi. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. Ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin hadisələrdən bu gün 36 il keçir. Həmin vaxt fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilmədi. 1990-cı ilin yanvar ayının 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə kütləvi şəkildə qətlə yetirmişlər. Nəticədə təkcə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.”

Seçilən
93
18
publika.az

10Mənbələr