"Azərişıq" ASC Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalması məsələsinə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə qurumdan Oxu.az-a bildirilib.
Qeyd olunub ki, məsələ, əslində, göründüyü kimi deyil.
Açıqlamada qeyd olunub ki, Lerikdə kifayət qədər intensiv iş gedir, elektrik enerjisinin verilişi təmin edilir:
"80 kənd deyəndə ucqar ərazidəki yaşayış məntəqələri nəzərdə tutulur. Hər kənddə 5-10 ev var. Əksəriyyəti balaca kəndlərdir. 80 kənddə ümumi 360 abonent var.
Lerikin mərkəzi bağlıdır. Birinci yollar açılmalıdır ki, texnika hərəkət etsin. Düzdür, gecə-gündüz iş gedir, işıq bərpa olunur, lakin qar da güclənir. Bütün məsuliyyət təkcə bizim qurumun üzərində deyil. Ağaclar qırılıb, yolboyu tökülüb. O ağaclar kəsilib götürülməlidir. Bizim o ağacları kəsib götürməyə ixtiyarımız yoxdur".
***10:40
"Güclü qar nəticəsində Lerik rayonunun 162 kəndinə elektrik enerjisinin verilişi dayanmışdı".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
O bildirib ki, yağan aramsız qar nəticəsində Masallı rayonundan Lerikə gələn 3510 kilovoltluq hava xəttində qəza baş vermişdi, nəticədə Lerik şəhəri də daxil olmaqla 162 kəndə elektrik enerjisinin verilişi dayanmışdı:
"Dünəndən etibarən "Azərişıq" və rayonun aidiyyəti qurumları fasiləsiz işləyir, elektrik enerjisinin bərpasına çalışırlar. Hazırda 80-ə yaxın kənddə hələ də elektrik enerjisi yoxdur, aidiyyəti qurumlar fasiləsiz işləyirlər".