AZ

Azərbaycanın tarixi yaddaşının ən ağrılı səhifəsi



Azərbaycan xalqının yaddaşında 20 Yanvar tarixi həm hüzn, həm də qürur günüdür. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi təkcə paytaxtı deyil, bütün ölkəni qan və dəhşət içində sarsıtdı. Lakin bu qanlı hadisə eyni zamanda Azərbaycanın milli azadlıq iradəsini, müstəqillik uğrunda birliyini nümayiş etdirdi. Ümumxalq Hüzn Günü təkcə bir faciənin anım tarixi deyil bu gün Azərbaycanın azadlıq yolunda qurban verməyə hazır xalq olduğunu sübut edən bir dönüm nöqtəsidir.

1980-ci illərin sonlarında SSRİ-nin süqutu artıq qaçılmaz idi. Mərkəzi hakimiyyətin zəifləməsi, imperiyanın daxilində milli hərəkatların güclənməsi, xüsusilə Qafqazda etnik qarşıdurmaların alovlanması Moskvada qorxu və panikanı artırırdı. Azərbaycanda isə vəziyyət daha gərgin idi. Ermənistanın Dağlıq Qarabağ iddiaları, deportasiyalar, məcburi köçkün axını, mərkəzin ədalətsiz mövqeyi xalqı ayağa qaldırmışdı.

1989–1990-cı illərdə Bakının meydanlarında toplanan yüz minlərlə insan artıq yalnız Qarabağ deyil, bütövlükdə azadlıq tələb edirdi. Xalqın iradəsini nə sovet təbliğatı, nə də yerli hakimiyyət saxlaya bilirdi.

O dövrün siyasi səhnəsində Azərbaycan Xalq Cəbhəsi və onun ətrafında birləşən qüvvələr hərəkatın təşkilatçı sütunu kimi çıxış edirdilər. Lakin sonradan hadisələrin gedişi göstərdi ki, AXC–Müsavat cütlüyünün fəaliyyəti çox vaxt emosiyaya və populizmə əsaslanırdı, real siyasi məsuliyyət hissindən uzaq idi.

Həmin illərdə bu qüvvələr xalqın legitim tələblərini düzgün istiqamətə yönəltmək, proseslərə koordinasiyalı rəhbərlik etmək əvəzinə, qarşıdurmanı dərinləşdirdilər. Bəzi hallarda bilərəkdən radikal şüarlar səsləndirərək, sovet hakimiyyətinin zorakı addımları üçün bəhanə yaratdılar. Bu siyasi bacarıqsızlıq və məsuliyyətsizlik nəticəsində, mərkəzdən gələn təzyiq qarşısında xalq tamamilə müdafiəsiz qaldı. Nəticədə, 20 Yanvar gecəsi baş verənlər bir xalqın səsini boğmaq cəhdi, təkcə Moskvanın deyil, həm də daxildəki siyasi hazırlıqsızlığın faciəli nəticəsi idi.

1990-cı il yanvarın 20-də SSRİ Müdafiə Nazirliyi və Daxili Qoşunlarının birləşmiş qüvvələri Bakıya yeridildi. Qanunsuz fövqəladə vəziyyət elan edilmədən əvvəlcə şəhərə tanklar, zirehli texnikalar daxil oldu. Nəticə dəhşətli idi, yüzlərlə dinc sakin güllələndi, onlarla insan itkin düşdü, yaralandı.

Lakin bu faciə xalqı sındırmadı. Əksinə, 20 Yanvar səhəri artıq Azərbaycan tarixinin qürur səhifəsinə çevrildi. Qanlı küçələrdə şəhid olan insanlar azadlığın ilk qurbanları kimi millətin yaddaşına yazıldı. Onların qanı sovet imperiyasının əsrlərlə davam edən müstəmləkə siyasətinə son qoydu, müstəqilliyin toxumlarını səpdi.

Bundan cəmi 20 ay sonra, 1991-ci ilin oktyabrında Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.
20 Yanvar şəhidləri bu gün Azərbaycan tarixində azadlığın simvoluna çevriliblər. Onlar təkcə imperiyanın güllələrinə sinə gərmədilər, həm də qorxunun qarşısında xalqın ləyaqətini müdafiə etdilər. Şəhidlər Xiyabanı indi bir məzarıstan deyil, azadlıq abidəsidir, burada hər bir daş, hər bir addım müstəqil Azərbaycanın qürur tarixindən danışır.

20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsində və bu faciənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Hələ o zaman 1990-cı ilin yanvarında Moskvanın mərkəzində yerləşən Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, o, SSRİ rəhbərliyinin bu qanlı əməlini açıq şəkildə pisləmişdi. Bu, təkcə bir siyasi bəyanat deyildi bu, xalqla həmrəyliyin, vicdanın və cəsarətin nümunəsi idi.
Məhz Heydər Əliyevin sonrakı illərdə həyata keçirdiyi prinsipial siyasət nəticəsində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verildi, şəhid ailələrinin sosial müdafiəsi dövlətin prioritetinə çevrildi.
Bu gün 20 Yanvar yalnız kədərli bir tarix deyil, həm də milli dirənişin, vətən sevgisinin və azadlıq ruhunun simvoludur. Hər il bu gün minlərlə insan Şəhidlər Xiyabanına axışır, qırmızı qərənfillər əbədiyyətə qovuşanların xatirəsinə ehtiramla düzülür.

Ümumxalq Hüzn Günü bizə bir daha xatırladır ki, azadlıq, müstəqillik, dövlətçilik dəyərləri qanla, şəhidliyin müqəddəsliyi ilə qazanılıb.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı
Seçilən
15
1
newscenter.az

2Mənbələr