AZ

Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinə həsr olunmuş silsilə materiallar hazırlanıb

Bakı, 20 yanvar, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı daycest, “Milli qürur və qəhrəmanlıq tariximiz” adlı virtual və “20 Yanvar qürur və şərəf tariximiz” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, Azərbaycan gəncliyi üçün əsl Vətən sevgisinin, azadlıq eşqinin, əzmkar mübarizənin nümunəsi olan 20 Yanvar hadisələrinin öyrənilməsi və təbliği məqsədilə hazırlanan materiallarda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan həmin günlərdə yaşanan hadisələrdən, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Daycestdə bir sıra rəsmi sənədlərlə yanaşı, “20 Yanvar – xalqımızın azadlıq və zəfər yolunun başlanğıcı” və “Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu” adlı məqalələrin tam mətni, 2020-2026-cı illəri əhatə edən dövri mətbuat nümunələrinin biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir. “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı material kitabxananın rəsmi saytında https://ryl.az/funds/daycest yerləşdirilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində “Qanlı gecə, qanlı tarix”, “Dünyamızın 20 Yanvar faciəsi”, “Yanvar təlatümü”, “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu”, “Mən şahidəm ki...”, “1990-cı il. Qanlı Yanvar izləri” kimi 10-dan çox Azərbaycan və rus dillərində nəşr edilən kitabın və “20 Yanvar – azadlığımızın və milli iradəmizin simvolu”, “Azərbaycan xalqının istiqlalına yol açan şanlı tarix - 20 Yanvar”, “20 Yanvar faciəsi Azərbaycan mətbuatında” kimi məqalələrin tam mətni yer alıb.

20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar olaraq hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/milli-qurur-ve-qehremanliq-tariximiz yerləşdirilib.

Kitabxanada “20 Yanvar qürur və şərəf tariximiz” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə bu mövzuda olan kitablar, dövri mətbuat materialları və o günlərin xronikasını əks etdirən fotogörüntülər sərgilənib.

Seçilən
23
azertag.az

1Mənbələr