AZ

Nuridə Novruzova: Dilimizin bütün üslublarının zənginləşməsi bu sahələrdə çalışanların ana dilinə münasibətindən asılıdır

Bakı, 20 yanvar, Günel Alıyeva, AZƏRTAC

Dil milli kimliyin əsas göstəricisi, xalqın milli sərvəti və mənəvi yaddaşıdır. Milli kimliyin formalaşması ana dilinin yaşaması və inkişafı ilə birbaşa bağlıdır. Dil keçmişimizi nəsildən-nəsilə daşıyan, bənzərsiz “yaddaş kitabəsidir”, əvvəlki nəsillərin düşüncə və dünyagörüşünə biçilmiş libasdir.

Keçmişimizi və bu günümüzü dərindən öyrənmək üçün dilimizi bilməliyik. Ana dili bizə keçmiş nəsillərdən qalan ən qiymətli mirasdır, zamanın içindən süzülüb gələn saf bir bulaq kimidir. Milli dili unutmaq isə keçmişlə gələcək nəsillər arasında mənəvi bağların qırılması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının professoru Nuridə Novruzova söyləyib.

Professorun sözlərinə görə, dilin qorunması yalnız dilçilərin vəzifəsi deyil. Dil xalqın xəzinəsi, ortaq sərvətidir və onun qorunmasında bütün cəmiyyət, xüsusilə ziyalı təbəqə fəal olmalıdır.

Nuridə Novruzova vurğulayıb ki, Azərbaycan dili bu gün təkcə danışıq və ünsiyyət dili kimi deyil, eyni zamanda elm, diplomatiya, hüquq, iqtisadi əlaqələr və anlaşmalar dili kimi də işlədilir.

“Dilimizin bütün üslublarının zənginləşməsi bu sahələrdə çalışanların ana dilinə münasibətindən asılıdır. Qloballaşan dünyada çoxdillilik, mədəniyyətlərin yaxınlaşması və inteqrasiya prosesləri milli dəyərlər üçün təhdidə çevrilməməlidir. Əksinə, bu proseslər fonunda ana dilimizin qorunması və inkişafı üçün əsas istiqamətlərdən biri milli təhsil sisteminin təkmilləşdirilməsi və anadilli təhsilə diqqətin artırılmasıdır. Bu sahədə mövcud problemlərin həlli ana dilimizin inkişafına və zənginləşməsinə ciddi töhfə verə bilər”, - deyə o qeyd edib.

Müsahibimiz bildirib ki, Azərbaycan dili dünyanın zəngin dillərindəndir. Lakin dünyada təmiz saf dil anlayışı yoxdur:“Bəzən dilin saflığı, zənginləşməsi və inkişafı barədə təsəvvürlər yanlış anlaşılır. Ana dilindən başqa dünya dillərini öyrənmək mütləq vacibdir və elm-texnologiya dövründə xarici dillərə yiyələnmək zəruridir. Lakin xarici dillər mütləq ana dili bilikləri bazasında öyrənilməlidir. Dilini sevən və onu öyrənən insan dilindən istifadədə yersiz yad sözlərdən istifadə etməz. Dildə yersiz alınmaların işlənməsi təhsillə sıx əlaqəlidir. Çünki dil düşüncə tərzinə güclü təsir göstərən vasitədir".

Dilin inkişafı ilə saflığı arasındakı tarazlığa münasibət bildirən Nuridə Novruzova əlavə edib ki, dillərin bir-birindən söz alması təbii zənginləşmə yoludur. Bir dilin ehtiyac duyduğu sözləri qəbul etməsi iqtisadi, siyasi və mədəni əlaqələrin nəticəsi kimi təbii prosesdir və bunun tarixi, siyasi, mədəni səbəbləri olur. Onun sözlərinə görə, orta əsrlərdə Azərbaycan dilinə ərəb-fars sözlərinin daxil olması, sovet dövründə dilimizə keçən söz və terminlər müəyyən mənada leksikanı zənginləşdirib. Lakin alınmaların lüzumsuz və yerində olmayan şəkildə işlədilməsi dili öz təbii ahəngindən uzaqlaşdırır.

Professor bu baxımdan televiziya kanallarının və mətbuatın üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayıb. O qeyd edib ki, mətbuat xalqın maariflənməsində mühüm rol oynayır. “Televiziyada səslənən loru danışıq formaları, zövqsüz ifadələr dinləyicinin dil düşüncəsinə mənfi təsir göstərir. Televiziya məkanında danışıq dilinin səmimi üslubu ilə yanaşı, təəssüf ki, dialektdə danışmaq, kobud sözlərdən istifadə hallarına da rast gəlinir ki, bu da ümumi dil mədəniyyətinə zərər vurur”, - deyə Nuridə Novruzova diqqətə çatdırıb.

Seçilən
41
azertag.az

1Mənbələr