Qarlı havalarla bağlı cəmiyyətdə illərdir formalaşmış “qar xəstəlikləri aparır” fikri yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, qış aylarında qrip və digər virus infeksiyalarının yayılması fonunda bu düşüncənin elmi əsasının olub-olmaması maraq doğurur. Bəs həqiqətən qarlı hava xəstəliklərin azalmasına səbəb olur, yoxsa əksinə, yoluxma riskini artırır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, “qar xəstəlikləri aparır” fikrinin elmi baxımdan həm doğru, həm də yanlış tərəfləri var.
Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, qarın özü birbaşa xəstəliyi aparmır. Lakin soyuq və qarlı hava şəraiti bəzi virus və bakteriyaların yayılmasını zəiflədə bilər. Bu baxımdan həmin fikir qismən doğrudur:
“Qarlı havalarda günəş şüalarının təsiri azalır. Günəş şüaları isə bəzi virusların yayılmasında sürətləndirici rol oynayır. Qar yağdıqda bu proses zəifləyir, hava daha təmiz olur. Məhz buna görə də insanlar arasında “qar xəstəlikləri aparır” fikri formalaşıb”, – deyə həkim qeyd edib.
Günay Lətifova bildirib ki, məsələnin mənfi tərəfi də var. Qarlı və soyuq havalarda insanlar daha çox qapalı məkanlarda vaxt keçirirlər ki, bu da virus və bakteriyaların yayılması üçün əlverişli şərait yaradır:
“Viruslar insandan insana ötürülür. Qapalı məkanlarda insanların sıx şəkildə bir arada olması yoluxma riskini artırır. Xüsusilə, qrip və digər respirator infeksiyaların yayılması sürətlənə bilər”, – deyə o, vurğulayıb.
Həkim-terapevt profilaktik tədbirlərə də diqqət çəkərək, evlərin mütəmadi havalandırılmasını, təmiz havanın qəbul edilməsini və xüsusilə ictimai nəqliyyatda maskadan istifadəni tövsiyə edib. Beləliklə, mütəxəssisin sözlərinə görə, qarlı hava bir tərəfdən virusların yayılmasını zəiflədə bilsə də, qapalı məkanlarda ünsiyyətin artması səbəbindən yoluxma riskini də yüksəldə bilər.
Aynurə İsmayıl
KONKRET.az