Kanadanın baş naziri Mark Karni Davos Forumunda çıxışı zamanı bildirib ki, əvvəlki “kollektiv Qərb” modeli artıq keçmişdə qalıb və yenidən bərpa olunmayacaq. Onun sözlərinə görə, mövcud qlobal parçalanma sadəcə uyğunlaşma deyil, tamamilə yeni yanaşma tələb edir.
Karni bu fikirləri ABŞ-ın xarici siyasətinə, xüsusilə prezident Donald Trampın Qrenlandiya ilə bağlı iddialarına münasibət bildirərkən səsləndirib. O vurğulayıb ki, Qərb alyanslarına üzvlüyün avtomatik olaraq rifah və təhlükəsizlik təmin etdiyi dövr artıq aktuallığını itirib. “Köhnə nizam geri qayıtmayacaq və nostalgiya strategiya deyil”, – deyə Kanada baş naziri qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 5 yanvar 2026-cı ildə Qrenlandiyanın milli təhlükəsizlik məqsədilə ABŞ-ın nəzarətinə keçə biləcəyi ilə bağlı açıqlama vermişdi. Qrenlandiya rəhbərliyi bu fikrə qarşı çıxıb, NATO-ya üzv Avropa ölkələri isə bölgədə “Arktik dözümlülük” adlı birgə kəşfiyyat missiyasının aparılacağını bəyan ediblər.