Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib.
Aznews.az xəbər verir ki, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanların şərəfli xatirəsinə ehtiram ifadəsi olaraq Şəhidlər Xiyabanını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Həmçinin, İttifaqın təşkilatçılığı, Azərbaycan Könüllülərinin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş "20 Yanvar həqiqətləri" mövzusunda görüş keçirilib. Görüşdə rejissor, ssenarist və yazıçı Vahid Mustafayev qonaq qismində iştirak edib. Görüş zamanı 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, xalqımızın mübarizə əzmi və milli yaddaşda tutduğu əvəzsiz yer barədə ətraflı fikir mübadiləsi aparılıb. V.Mustafayev öz yaradıcılıq təcrübəsindən nümunələr təqdim edərək, 20 Yanvar həqiqətlərinin gələcək nəsillərə düzgün və obyektiv şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Əməkdar jurnalist, yazıçı-publisist Rafiq Səməndər və 20 Yanvar hadisələrinin canlı şahidi olan Nazim Ələkbərov ilə "20 Yanvar şahidlərin gözü ilə" mövzusunda görüş keçirilib. Görüş zamanı həmin faciəli gecənin real mənzərəsi birbaşa şahidlərin xatirələri əsasında könüllü gənclərin diqqətinə çatdırılıb. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun tanklarından biri Nazim Ələkbərovun avtomobilinin üzərindən keçib və o, 20 Yanvar faciəsinin dəhşətlərini birbaşa yaşayan canlı şahidlərdən biri olub. Rafiq Səməndər isə 20 Yanvar hadisələrindən sonra şəhid ailələrini bir-bir ziyarət etdiyini, yaşanan ağrı və dəhşətləri qələmə aldığını və bu şahidlik əsasında "Şəhidlər" adlı kitabın ərsəyə gəldiyini bildirib. Vurğulanıb ki, bu cür görüşlər və yaradılan əsərlər 20 Yanvar həqiqətlərinin qorunması, tarixi yaddaşın yaşadılması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.