AZ

Məhkəmə bəraət alan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qanunsuz olaraq ağacları kəsmədə təqsirləndirilərək bəraət alan Bəhruz Hacıyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestin üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya protesti təmin edilməyib.


İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə, Bəhruz Hacıyev şəxsiyyəti istintaqa məlum olmayan Şahin adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup halında birləşərək 2022-ci ilin sentyabr ayında dövlət mülkiyyətində olan torpaq sahəsində, meşə fonduna aid olmayan yaşıllıq ərazidə qanunsuz ağackəsmə əməli törətməkdə təqsirləndirilib. İttihama əsasən, həmin ərazidə 4 ədəd tut ağacı, 1 ədəd xan çinarı və 12 ədəd liqustr kol bitkisi qanunsuz kəsilərək məhv edilib və bununla da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ümumilikdə 11 min 160 manat məbləğində ziyan vurulub.


Suraxanı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli hökmü ilə Bəhruz Hacıyevin Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz olaraq ağacları kəsmə) maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib və təqsirsiz elan edilib. Hökmlə həmçinin onun barəsində qanunsuz cinayət təqibi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah edilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və məhkəmə məsrəfləri məsələsi həll edilib.


Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest təmin edilməyib. Apellyasiya instansiyası məhkəməsi Suraxanı Rayon Məhkəməsinin bəraət hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

 

Kamal Məmmədov 

Tarix: 21 Yanvar 2026, 08:25   
Seçilən
23
pravda.az

1Mənbələr