Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir.
Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gündüz saatlarında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi isə gün ərzində zəifləyəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 2–4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75–85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntı, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı ehtimal edilir. Gün ərzində yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 2–6° şaxta, gündüz 3–6° isti, dağlarda gecə 10–15° şaxta, yüksək dağlıq ərazilərdə 17–22° şaxta, gündüz isə 3–8° şaxta olacaq.
Qeyd edilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması gözlənilir. Sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.
DOĞRU.AZ