AZ

Strateji baxış, milli maraqlar və beynəlxalq hüququn vəhdəti

Davos Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin mahiyyətinə, regionumuzda yaranmış yeni reallıqlara və Azərbaycanın bu mürəkkəb geosiyasi mühitdə tutduğu prinsipial mövqeyə aydın və dolğun baxışı təqdim edir.

Bu müsahibə bir daha göstərdi ki, dünya nizamı artıq klassik beynəlxalq hüquq mexanizmləri üzərində deyil, sadəcə güc amilinin dominantlığı üzərində formalaşır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və geosiyasi maraqların hüquqi prinsipləri üstələməsi yeni dövrün əsas çağırışıdır. Məhz belə bir şəraitdə Azərbaycanın seçdiyi yol – milli maraqlara əsaslanan, lakin beynəlxalq hüquq çərçivəsində həyata keçirilən müstəqil siyasət strateji baxımdan yeganə doğru seçimdir.

Azərbaycan son illərdə sübut etdi ki, dövlətin gücü yalnız hərbi və iqtisadi resurslarla deyil, həm də düzgün strateji baxış, siyasi iradə və prinsipiallıqla ölçülür. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirildi və bu, regionda yeni siyasi-hüquqi reallıq yaratdı. Prezidentin müsahibədə qeyd etdiyi kimi, bu gün hər bir dövlət öz potensialına uyğun siyasət formalaşdırmalı, həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaşlıq münasibətləri qurmalıdır. Azərbaycan məhz bu strategiya ilə uğur qazanmışdır.

Müsahibədə Prezident İlham Əliyevin Cənubi Qafqazda formalaşmaqda olan sülh mühitinə verdiyi qiymət xüsusilə diqqəti cəlb edir. Prezident vurğulayıb ki, otuz ildən artıq davam edən münaqişədən sonra regionun yeni inkişaf mərhələsinə daxil olması tarixi hadisədir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin qarşıdurmadan əməkdaşlığa transformasiyası bu gün region üçün misilsiz imkanlar açır.

Azərbaycanın Ermənistana qarşı atdığı humanitar və iqtisadi addımlar – tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistana enerji tədarükünə başlanması sülhün yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi və sosial mexanizmlərlə möhkəmləndirildiyini göstərir. Bu yanaşma regionda uzunmüddətli deyil, Prezidentin də vurğuladığı kimi, əbədi sülhün əsasını qoyur.

İran ətrafında baş verən proseslərlə bağlı Prezident İlham Əliyevin regional sabitliyə dair mövqeyi son dərəcə məsuliyyətlidir. Azərbaycan üçün sabitlik, proqnozlaşdırıla bilən mühit və təhlükəsizlik ali dəyərdir. Müharibənin acı nəticələrini yaşamış bir ölkə kimi, Azərbaycan sülhün alternativsiz olduğunu praktik siyasəti ilə sübut edir.

Enerji məsələsində isə Azərbaycan artıq təkcə regional deyil, qlobal enerji təhlükəsizliyinin əsas amillərindən biri kimi çıxış edir. Avropa İttifaqının 10 üzvü daxil olmaqla 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan, boru kəməri vasitəsilə təbii qaz tədarükünün coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Bu fakt ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir və Avropanın enerji təhlükəsizliyinə real töhfə verir.

Prezident İlham Əliyevin Avropa Parlamentinin qərəzli mövqeyi ilə bağlı suala verdiyi qısa, lakin dərin məzmunlu cavabı Azərbaycanın ləyaqətli və prinsipial xarici siyasətinin göstəricisidir. Prezident bildirib ki, müstəqil siyasət yürüdən, milli maraqlarını qoruyan Azərbaycana qarşı aparılan əsassız kampaniyalar xüsusi lobbi qruplarının təsirindən qaynaqlanır. Hətta Ermənistanın belə Azərbaycanla münasibətləri müsbət qiymətləndirdiyi bir dövrdə, Avropa Parlamentinin mövqeyi artıq siyasi reallıqdan uzaqdır və bu qurumun özünü ziddiyyətli vəziyyətə salır.

Dövlət başçısının Davosda verdiyi müsahibə Azərbaycanın bu gün qlobal miqyasda məsuliyyətli, praqmatik və güclü dövlət kimi qəbul edildiyini bir daha təsdiqləyir. Azərbaycan dəyişən dünya nizamında emosiyalarla deyil, strateji düşüncə, milli maraqlar və beynəlxalq hüququn vəhdəti əsasında hərəkət edir. Bu xətt həm regionumuz üçün, həm də bütövlükdə Avrasiya məkanında sabitlik və əməkdaşlıq üçün mühüm amildir.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Seçilən
30
4
veteninfo.az

5Mənbələr