AZ

Rumıniyalı ekspert: Qrenlandiya qlobal qarşıdurmaların dönüş nöqtəsidir

Buxarest, 21 yanvar, AZƏRTAC

Rumıniyanın nüfuzlu analitik nəşri olan “Calea Europeana” jurnalında dərc edilmiş məqalədə Arktika regionunun, xüsusilə Qrenlandiyanın müasir beynəlxalq münasibətlər sistemində artan strateji rolu geniş təhlil olunur.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi, rumıniyalı politoloq və təhlükəsizlik üzrə analitik Yulian Kifu qlobal güclər arasında rəqabətin artıq yeni, geridönüşü olmayan mərhələyə daxil olduğunu vurğulayır.

Müəllif qeyd edir ki, Qrenlandiya təkcə coğrafi baxımdan deyil, hərbi-strateji, enerji və nəqliyyat marşrutları prizmasından da qlobal güclərin diqqət mərkəzinə çevrilib. Arktikada buzlaqların əriməsi yeni dəniz yollarının açılmasına, təbii resurslara çıxışın asanlaşmasına, eyni zamanda, hərbi mövcudluğun genişlənməsinə şərait yaradır. Bu proseslər Qrenlandiyanı böyük güclər arasında rəqabətin əsas qovşaqlarından birinə çevirir.

Yulian Kifu yazır ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Çin Arktika regionunu gələcək qlobal qarşıdurmaların mümkün “teatrı” kimi qiymətləndirir. Qrenlandiyanın yerləşdiyi mövqe Şimali Atlantik, Arktika və Avropa təhlükəsizlik arxitekturası arasında strateji körpü rolunu oynayır. Bu baxımdan ada artıq yalnız Danimarkanın muxtar ərazisi deyil, bütövlükdə transatlantik təhlükəsizlik sisteminin mühüm elementi kimi çıxış edir.

Məqalədə Avropa İttifaqının (Aİ) bu yeni geosiyasi reallığa adekvat cavab verməkdə çətinlik çəkdiyi də vurğulanır. Müəllifin fikrincə, Aİ Arktikada prosesləri yalnız ekoloji və iqtisadi prizma ilə deyil, həm də təhlükəsizlik və müdafiə kontekstində qiymətləndirməlidir. Əks halda, Avropa qlobal güclər arasında formalaşan yeni balansda passiv müşahidəçi mövqeyində qala bilər.

Təhlildə belə bir nəticə çıxarılır ki, Qrenlandiya artıq regional məsələ deyil, qlobal qarşıdurmaların istiqamətini müəyyənləşdirən strateji nöqtəyə çevrilib. Yulian Kifuya görə, bu proseslər beynəlxalq sistemin daha sərt, rəqabətli və az proqnozlaşdırılan mərhələyə keçdiyini göstərir.

Məqalə nəticə olaraq, Qrenlandiyanı XXI əsrin geosiyasi xəritəsində əsas dönüş nöqtələrindən biri kimi təqdim edir və qlobal qarşıdurmaların gələcək trayektoriyasına dair ciddi xəbərdarlıq xarakteri daşıyır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
76
azertag.az

1Mənbələr