AZ

Xəstəxanalarda vətəndaşları belə aldadırlar - DETALLAR

“Nigar Köçərlinin yazdığı statusdan sonra hüquqşünas olaraq bunları qeyd edim, nəzərə alın. Azərbaycan xəstəxanalarında tibbi səhlənkarlığı sənədləşdirmək və sübut toplamaq olduqca çətindir. Əgər həkim səhvi çox açıqdırsa, məsələn sağ ayaq yerinə sol ayağı kəsibsə, bunu etmək bəlkə də mümkündür. Amma deyək ki qan durulducu vurulmadığına görə xəstədə tromblaşma meydana gələrək o vəfat edərsə, bu problemin məhkəmə müstəvisində çıxarılmasında çətinliklər var, və bunlar da sistematikdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu vəkil Fərhad Mehdiyev bildirib.

Onun sözlərinə görə, tibbi ekspertiza məsələsində ciddi çətinliklər var:

“Əvvəlcə onu qeyd edək ki, xəstəlik tarixçəsi günlük və elektron hökümət sisteminə vurulmadığı və həmin resursda da hər kəsə açıq olmadığı müddətcə, onu post-faktum dəyişdirmək və saxtalaşdırmaq çətin deyil.

Vəkil sorğusuna xəstəlik tarixçəsini vermirlər, yubadırlar. Həmin müddət ərzində də ora hansı müdaxilələr olur, bilmək çətindir.

Tibbi Ekspertiza məsələsində ciddi çətinliklər yaşayırıq. Ekspertlərə xəstəlik tarixçəsindən başqa tərəflər fakt təqdim edə bilmir, mübahisə tərəfi ekspertə sual ünvanlaya bilsə də, işin içində olan MRT diskinin ekspert tərəfindən nəzərə almamasına ancaq məhkəmə nəzarəti qaydasında müdaxilə etməyə cəhd edir.

Siz Klivlend xəstəxanasından mütəxəssis rəyi təqdim etsəniz də, naməlum ekspertin verdiyi rəy həmin Klivlend rəyindən üstün tutulur.

Ölkəmizdə həkim camiası bir-birini tanıyır. Elə sahələr varki, mütəxəssis sayı azdır və onlar digər kolleqasını ittiham edəcək rəy vermək istəmirlər.

Vətəndaşlara çağrışım odur ki, nə qədər ki smartfonlar var, xoşa gəlməz prosesləri smartfona çəksinlər. Saatını və yerini şifahi şəkildə qeyd etmək şərtilə.

Xəstənin ölməsi halında mütləq qaydada autopsiya (meyidin yarılması) aparılmalıdır. Hansısa mənasız inanca və adət-ənənəyə görə öz hüquqlarınızı təhlükəyə atmayın”.

F.Mehdiyev qeyd edib ki, xəstəxanalar mütləq şəkildə xəstələrini sığortalamalıdır:

“Bir başqa məsələ tibbi səhlənkarlıq məsələlərində məsuliyyət barəsindədir. Şəxsi qənaətim odur ki, həkimin ağır təqsiri (culpa lata/reklessness) olmadığı müddətcə, belə hallarda həkim və xəstəxananın məsuliyyəti delikt məsuliyyəti ilə məhdudlaşdırılmalıdır. Məhkəmələr də öz növbəsində bu məsələlərdə ekspert rəyinə məhkum olmadan daha sərbəst formada öz qərarlarını verə bilməlidirlər.

Pasient xəstəxana ilə imzalanan müqaviləyə müdaxilə edə bilmir, odur ki xəstəxana xeyrinə olan müqavilə şərtlərindən adətən istifadə etmək olmur.

Xəstəxanalara çağrışım odur ki, xəstələrini sığortalayın. Hərhansı ağırlaşma nəticəsində həm həkimi həm də xəstəxananı məhkəmə çəkişmələrindən qoruyacaq, xidmətin keyfiyyətinin artmasına səbəb olacaqsınız (siğorta şirkətləri keyfiyyətsiz yerləri siğorta çətiri altına almayacaq).

Tibbi səhlənkarlıq hallarında prokurorluğa qaçmağa tələsməyin. iddialarınızı mülki qaydada məhkəmə müstəvisində aparın”.

Qeyd edək ki, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” Xəstəxanasında əməliyyat olunub. O, tibb müəssisəsində pis rəftarla üzləşdiyini bildirib, personalından narazılıq edib. Xəstəxana isə N.Köçərilinin ittihamlarını qəbul etməyib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
56
yenisabah.az

1Mənbələr