Bakı, 21 yanvar, AZƏRTAC
Davos İqtisadi Forumu dünyanın bir qayda olaraq müxtəlif ölkələrindən siyasi liderlərini, aparıcı biznes nümayəndələrini, ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Forumun keçirilməsində əsaa məqsəd növbəti illər üçün iqtisadi perspektivləri, çağırışları və tendesiyaları müzakirə etmək, bununla bağlı mexanizmlər formalaşdırmaqdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin Davosa səfəri və Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın artan beynəlxalq rolunun və strateji baxışın parlaq təzahürüdür.
"Azərbaycan bu gün qlobal çağırışlara realist yanaşma nümayiş etdirən və regional sabitliyə töhfə verən mövqeyi ilə şeçilir. Davos İqtisadi Forumunun iqtisadi güc və investisiya cəlbediciliyini nəzərə alsaq ölkəmizə geniş fürsətlər pəncərəsinin açılmasının şahidi oluruq. İllərdir düşünülmüş strateji yanaşmaların nəticəsində Azərbaycan kifayət qədər ciddi enerji və nəqliyyat - logistika şəbəkəsi formalaşdırıb. Eyni zamanda, əlverişli investisiya mühiti və geniş imkanlar investorlar üçün ciddi perspektivlər vəd edir", - deyə G. Ağamalı vurğulayıb.
Deputat bildirib ki, Prezident İlham Əliyev Forum çərçivəsində ilk gündən etibarən kifayət qədər geniş və məhsuldar görüşlər keçirir. Bu görüşlər ölkəmizin iqtisadi-ticari əlaqələrini genişləndirməsi baxımından strateji əhəmiyyətə malikdir. Bütün bunlar həm də Azərbaycanın dünya iqtisadiyyatında etibarlı və proqnozlaşdırılan tərafdaş kimi mövqeyinin daha da möhkəmləndiyinin göstəricisidir.