AZ

Lerikdə güclü qar səbəbindən 50-yə yaxın kənd işıqsız qaldı

Lerik rayonunda intensiv qar yağması gündəlik həyata ciddi təsir göstərib.

NOCOMMENT.az xəbər verir ki, hazırda Lerik–Lənkəran avtomobil yolu qismən açıq olsa da, hərəkət çətinləşib və sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Rayon mərkəzində qar örtüyünün hündürlüyü 1 metr 10 santimetrə çatıb. Dağlıq ərazilərdə isə qarın hündürlüyü bundan da çoxdur. Hazırda rayonda qarın yağması davam edir.

Qar yağması elektrik təsərrüfatına da ciddi ziyan vurub. Nəticədə Lerik rayonunun təxminən 50 kəndində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb, yaşayış məntəqələri işıqsız qalıb.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin birinci müavini, eyni zamanda Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov NOCOMMENT.az -a bildirib ki, aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Qarın fəsadlarının aradan qaldırılması, yolların açılması və elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir”.

Hazırda Lerik rayonunda qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Turab

Seçilən
24
6
nocomment.az

7Mənbələr