AZ

Təcrübə keçən tələbənin maaşını kim verəcək? - Deputatdan AÇIQLAMA

Təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Elnarə Akimova bildirdi ki, yeni dəyişikliklərin əsas məqsədi təhsilalanların istehsalat təlimi və ya təcrübə keçməsinin formal proses kimi deyil, real əmək fəaliyyəti kimi tanınmasını təmin etməkdir.

O bildirdi ki, bu səbəbdən artıq belə hallarda tələbələrlə müəyyən müddətli əmək müqaviləsinin bağlanmasına qanunvericiliklə icazə verilir.

Elnarə Akimova qeyd etdi ki, əmək müqaviləsi bağlandığı andan maliyyə məsələləri də avtomatik olaraq əmək qanunvericiliyinin ümumi tələblərinə tabe olur:

“Tələbə təcrübə və ya istehsalat təlimi keçdiyi müəssisə ilə əmək müqaviləsi imzalayırsa, onun əməyinin ödənişi birbaşa işəgötürən tərəfindən həyata keçirilməlidir. Əməkhaqqının məbləği, ödəniş qaydası və digər şərtlər tərəflər arasında bağlanan müqavilədə öz əksini tapır”.

Onun sözlərinə görə mövcud qanunvericilikdə bu ödənişlərin dövlət büdcəsi və ya təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı ayrıca mexanizm nəzərdə tutulmayıb.

“Təhsil müəssisələrinin əsas rolu tələbələrin təcrübəyə cəlb olunmasını təşkil etmək və prosesi əlaqələndirməkdən ibarətdir. Maliyyə öhdəliyi isə əmək münasibətinin birbaşa tərəfi olan işəgötürənin üzərində qalır. Bu dəyişiklik tələbələrin gələcək iş həyatına da mühüm təsir göstərəcək. Əvvəllər bir çox hallarda təcrübə yalnız formal xarakter daşıyır və real iş stajı kimi qəbul olunmurdu. İndi isə əmək müqaviləsi bağlandığı üçün tələbənin fəaliyyəti rəsmi məşğulluq hesab olunur, əmək hüquqları qorunur və faktiki iş təcrübəsi formalaşır. Bu da gələcəkdə iş axtararkən CV-də ciddi üstünlük yaradır”,- deyə Elnarə Akimova vurğuladı.

Millət vəkili hesab edir ki, ümumilikdə bu yenilik tələbələrin əmək bazarına daha hazırlıqlı, praktiki bacarıqlara malik və hüquqi baxımdan qorunan şəkildə daxil olmasına şərait yaradacaq.

Aminə ŞAHSUVARQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr