“Aztelekom”un vətəndaşları məcburi şəkildə internet xidmətinə qoşulmağa vadar etməsi ilə bağlı şikayətlər artıb. Sakinlərin bildirdiyinə görə, qurum nümayəndələri onlara açıq şəkildə xəbərdarlıq edir ki, “Aztelekom”un internet xidmətindən istifadə etmədikləri təqdirdə mövcud telefon və ya texniki xətləri tamamilə ləğv ediləcək. Bu isə faktiki olaraq bir provayderin vətəndaşları öz xidmətindən istifadəyə məcbur etməsi kimi qiymətləndirilir.
Həmçinin “Aztelekom”un tələbini məcburi qəbul edən abonentlərin bir çoxu bir neçə ay sonra yenidən indi ərizə verərək özəl provayderlərə keçmək istəyir. Bu isə yenidən telefon xətlərinin ləğv olunması məsələsini gündəmə gətirir. Eyni zamanda bölgələrdə 15 manat, paytaxtda isə 27 manat olan qiymət fərqi də abonentlərin suallarına səbəb olub.
Şikayət edən abonentlərin sözlərinə görə, həm qiymət, həm də xidmət keyfiyyəti baxımından özəl provayderlər daha sərfəlidir. Buna baxmayaraq, “Aztelekom” alternativ provayder seçiminə hörmət etmədən, infrastruktur üzərindəki nəzarətindən istifadə edərək müştərilərə təzyiq göstərir. Bu vəziyyət isə bazarda sağlam rəqabət mühitinin pozulması ilə bağlı ciddi suallar yaradır.
Məsələnin ən diqqətçəkən tərəflərindən biri də qiymət fərqidir. İstehlakçılar haqlı olaraq sual edirlər: əgər özəl provayderlərdə internet xidmətləri daha ucuz başa gəlirsə, bəs niyə “Aztelekom”un tarifləri bu qədər bahadır? Axı hər iki halda eyni ölkədə, oxşar texniki resurslardan istifadə olunur. Bu sual təkcə vətəndaşları yox, İKT sektorunda çalışan mütəxəssisləri də düşündürür.
Mövzu ilə bağlı İT mütəxəssisi, telekommunikasiya üzrə ekspert Sadiq Əfəndiyev NOCOMMENT.az -a bildirib ki, burada söhbət həm qiymət siyasətindən, həm də bazar strukturundan gedir.
Onun sözlərinə görə, “Aztelekom” dövlətə məxsus qurum olaraq geniş infrastruktur üzərində faktiki monopol mövqeyə malikdir və bu, onun qiymətləri bazar prinsiplərinə uyğun yox, inzibati üsullarla formalaşdırmasına şərait yaradır.
Ekspert qeyd edib ki, KTV kimi özəl provayderlər isə daha çevik idarəetməyə malik olduqları üçün xərcləri optimallaşdıra və daha ucuz tariflər təklif edə bilirlər:
“Bir provayderin infrastrukturdan istifadə imkanlarını məhdudlaşdıraraq digər provayderlərin müştərilərinə təzyiq göstərməsi qanunvericiliyin ruhuna ziddir. Onun fikrincə, abonent hansı provayderi seçəcəyinə özü qərar verməlidir və heç bir qurum texniki xətlərin ləğvi ilə hədələyərək vətəndaşı məcburi xidmətə yönəldə bilməz. Bu, həm istehlakçı hüquqlarının pozulmasıdır, həm də rəqabət mühitinə ciddi zərbə vurur”.
Mütəxəssis hesab edir ki, problemin kökündə sektor üzrə effektiv tənzimləmənin olmaması dayanır:
“Əgər bazarda real rəqabət və şəffaf qiymət mexanizmi formalaşdırılsa, nə internet bu qədər baha olar, nə də vətəndaşlar bir provayderin diktəsi ilə üz-üzə qalar”.
Onun sözlərinə görə, aidiyyəti qurumlar məsələyə müdaxilə etməli, “Aztelekom”un məcburi qoşulma praktikasına hüquqi qiymət verilməlidir.
Tunar