Azərbaycanın mədəni irsə verdiyi dəyər onun milli kimliyinin və dövlətçilik fəlsəfəsinin tərkib hissəsidir
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsə vurulmuş zərərin aradan qaldırılması və bu sahədə sistemli tədbirlərin görülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəni irsə dəymiş ziyanın qiymətləndirilməsi, bərpa işlərinin aparılması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub.
Məlumdur ki, Azərbaycan bəşər sivilizasiyasının formalaşdığı ən qədim coğrafiyalardan biri kimi zəngin və çoxqatlı mədəni irsə malikdir. Qayaüstü rəsmlər, kurqanlar, Azıx mağarası kimi qədim yaşayış məskənləri, Qafqaz Albaniyası dövrünə aid məbədlər, orta əsr şəhərləri, məscidlər, karvansaralar və türbələr bu torpaqda mədəni inkişafın minilliklər boyu davam etdiyini sübut edir. Bu irs təkcə milli sərvət deyil, eyni zamanda, ümumbəşəri mədəniyyət xəzinəsinin ayrılmaz hissəsi kimi xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini özündə əks etdirir.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində bu irs vandalizmə məruz qalıb. Yüz illər boyu qorunub saxlanılmış abidələr məqsədyönlü şəkildə dağıdılıb, talan edilib və mənimsənilib. İşğal olunmuş ərazilərdə yüzlərlə memarlıq və arxeoloji abidənin, onlarla muzeyin, minlərlə mədəniyyət müəssisəsinin məhv edilməsi Ermənistanın bu prosesə sistemli yanaşdığını göstərir. Xüsusilə Şuşa, Ağdam və Kəlbəcər kimi tarixi mərkəzlərin yerlə-yeksan edilməsi həmin ərazilərin Azərbaycan mədəni kimliyindən təmizlənməsi məqsədi güdən siyasətin açıq təzahürü idi.
Bu barədə XQ-yə danışan Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Ramin Əlizadə bildirdi ki, Xudavəng və Gəncəsər monastırlarının memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qeyri-qanuni olaraq dəyişikliklərə uğradılıb: “İşğal dövründə divar yazıları korlanıb, abidənin divarları üzərində olan daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinib, onlardan bir çoxunun formaları dəyişdirilərək tanınmaz hala salınıb. Təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulub, interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları yerləşdirilib. Ermənilər nə qədər dəyişikliklər etsələr də kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri onun Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Bu abidələr Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq edən coğrafi möhürdür”.
Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidlərinin, Saatlı məscidinin, Vaqif türbəsinin, Natəvanın evinin və karvansarayların dağıdılmasının yalnız fiziki məhvetmə aktı deyil, xalqın tarixi yaddaşına qarşı yönəlmiş hücum olduğunu deyən R.Əlizadə hay vandalizminin mədəni irsin mənimsənilməsi və saxtalaşdırılması ilə müşayiət olunduğuna diqqəti çəkdi: “Tarixi həqiqətləri təhrif etməyə cəhdlər edilib. Azıx mağarası və digər arxeoloji ərazilərdə aparılan qanunsuz “qazıntılar” isə Azərbaycan torpaqlarının qədim tarixini başqa xalqlara aid kimi təqdim etmək məqsədi daşıyıb. Muzey eksponatlarının xarici ölkələrdə satışa çıxarılması, nadir sənət nümunələrinin şəxsi kolleksiyalara ötürülməsi bu prosesin iqtisadi cinayətlərlə tamamlandığını göstərir. İki il bundan əvvəl Azərbaycan Xalça Muzeyinin Şuşa filialında olarkən bunun şahidi olduq. Museydə bizə dedilər ki, Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığı dövrdə filialda, şəhərin tarix-diyarşünaslıq muzeyində və Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri çoxlu sayda xalça və xalça məmulatları, xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələri ermənilər tərəfindən talanıb: “Xarici ölkələrə, hərraclara daşınıb, bir hissəsini isə İrəvanda saxlanılıb, “erməni xalçaları” kimi qələmə verilməyə çalışılıb”.
Qarabağ təkcə abidələr məkanı deyil, həm də Azərbaycan mədəniyyətinə dünya miqyasında söz demiş şəxsiyyətlər bəxş etmiş bir diyardır. Vaqifin poeziyası, Natəvanın ədəbi və xeyriyyəçilik fəaliyyəti, Üzeyir Hacıbəylinin musiqi irsi, Bülbülün vokal məktəbi bu torpağın mənəvi potensialını simvolizə edir. Onların xatirəsinə ucaldılmış abidələrin təhqir edilməsi Azərbaycan mədəniyyətinə qarşı düşmən münasibətin ideoloji əsaslara söykəndiyini bir daha sübut edir.
Ermənistanın işğal dövründə mədəni irsə qarşı törətdiyi əməllər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Silahlı münaqişələr zamanı mədəni irsin qorunmasını nəzərdə tutan Haaqa və Cenevrə konvensiyalarına əsasən, işğalçı dövlət mədəni obyektlərin qorunmasına məsuliyyət daşıyır. Bu öhdəliklərin sistemli şəkildə pozulması Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini şərtləndirir və həmin əməllərin müharibə cinayətləri kimi tövsif olunmasına tam əsas yaradır. Dövlət məsuliyyəti ilə yanaşı, bu cinayətlərin icraçıları və təşkilatçıları da fərdi cinayət məsuliyyəti daşıyırlar.
***
“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası göstərir ki, Azərbaycanın azad edilmiş ərazilərdə apardığı bərpa və yenidənqurma siyasəti dağıntılara cavab olaraq mədəni dirçəliş strategiyasıdır. Abidələrin bərpası, tarixi şəhərlərin yenidən qurulması və mədəni həyatın canlandırılması milli yaddaşın bərpası deməkdir. Bununla bağlı tarixçi Əmirxan Burzuyev bildirdi ki, Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma prosesi təkcə dağıdılmış infrastrukturun yenilənməsi deyil, milli kimliyin, tarixi yaddaşın və mədəni irsə münasibətin dövlət səviyyəsində təsdiqidir: “Bu siyasət mədəniyyətin Azərbaycan üçün yalnız estetik və ya tarixi dəyər daşımadığını, eyni zamanda dövlətçilik ideologiyasının, milli birliyin və suverenliyin əsas sütunlarından biri olduğunu nümayiş etdirir. Abidələrin bərpası, tarixi şəhərlərin öz əvvəlki simasına qaytarılması və mədəni həyatın yenidən canlandırılması işğal dövründə silinməyə çalışılan kimliyin qətiyyətlə bərpasıdır. Bu prosesin siyasi əhəmiyyəti xüsusilə diqqətəlayiqdir. Hər bərpa edilən məscid, hər yenidən qurulan tarixi bina, hər dirçəldilən mədəni məkan Azərbaycanın bu ərazilərdə minilliklər boyu formalaşmış mədəni varlığının canlı sübutudur. Bərpa siyasəti həm də tarixi saxtalaşdırma cəhdlərinə qarşı siyasi və ideoloji cavabdır”.
Onun sözlərinə görə, mədəni irsin dirçəldilməsi milli yaddaşın bərpası ilə yanaşı, cəmiyyətin mənəvi birliyinə xidmət edir: “İşğal illərində dağıdılmış abidələr yalnız daş və kərpicdən ibarət deyildi. Onlar kollektiv xatirənin, mənəvi bağların və tarixi davamlılığın daşıyıcısıdır. Azərbaycanın mədəni irsə yanaşması həm də beynəlxalq hüquqa və universal dəyərlərə söykənir. İşğal dövründə vurulmuş ziyanın beynəlxalq hüquqi mexanizmlər vasitəsilə qiymətləndirilməsi və Ermənistanın maddi məsuliyyətə cəlb olunması tələbi revanşizm deyil, hüquqa əsaslanan ədalət çağırışıdır. Bu mövqe Azərbaycanın beynəlxalq sistemdə özünü hüquqa hörmət edən, məsuliyyətli və prinsipial dövlət kimi təqdim etməsinə xidmət edir. Eyni zamanda bu, gələcəkdə silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının vacibliyi barədə beynəlxalq ictimaiyyətə mühüm mesaj verir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğal illərində törədilmiş mədəni vandalizmin dünya ictimaiyyətinə ardıcıl, faktlara əsaslanan və sistemli şəkildə çatdırılmasıdır. Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış məscidlər, muzeylər, arxeoloji abidələr təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinə aiddir. Bu həqiqətin beynəlxalq platformalarda tanıdılması Azərbaycanın informasiya və mədəni diplomatiyasının mühüm istiqamətinə çevrilib”.
Beləliklə, Azərbaycanın mədəni irsə verdiyi dəyər onun milli kimliyinin və dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsidir. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri göstərir ki, Azərbaycan üçün mədəniyyət təkcə keçmişin xatirəsi deyil, bu günün siyasi gücü və gələcəyin strateji təminatıdır.
Pünhan ƏFƏNDİYEV
XQ