Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai iştirakçılığın səmərəliliyini artırmaq məqsədilə Nazirliyin Cəzaların icrasına nəzarət baş idarəsinə və İcra xidmətinə baş çəkiblər.
Bu barədə Publika.az-a nazirlikdən bildirilib.
Qeyd edilib ki, cəzaların icrasına nəzarət baş idarəsində keçirilən görüşdə baş idarənin rəisi Anar Qocayev qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, qarşıda duran hədəflər barədə məlumat verib.
O, cəza siyasətinin humanistləşdirilməsi, cəza-icra qurumlarının fəaliyyətində tətbiq olunan yeni yanaşmalar, eləcə də məhkumların cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlərdən danışıb.