Xəbər verildiyi kimi, "Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti yeni rekord səviyyəyə çataraq troya unsiyası üçün 4 800 dolları keçib.
Bakı vaxtı ilə saat 5:06-ya olan məlumata görə, qiymətli metalın qiyməti əvvəlki bağlanışdan 0,76 % artaraq bir troya unsiyası üçün 4 802 dollar təşkil edib. Bakı vaxtı ilə saat 5:11-ə qədər qiymət bir troya unsiyası üçün 4805,4 dollara yüksəlib (artım 0,83 %).
Bakı vaxtı ilə saat 05:25-ə qədər qiymət artımı yavaşlayıb və qiymət bir troya unsiyası üçün 4823,7 dollara (+1,21 %) çatıb.
Qiymətdəki rekord artım Azərbaycanda qızıl bazarına ciddi təsir göstərib.
“Cebheinfo.az”-a danışan bazar iştirakçıları bildiriblər ki, hazırda 583-585 əyarlı qızılın bir qramının lom şəklində alışı 148 manat, 750 əyar qızılın lom alışı isə 189 manat təşkil edir. Satış qiymətləri isə müvafiq olaraq bir qram üçün 180-190 və 230-260 manat arasında dəyişir.
Bununla yanaşı, bəzi ticarət mərkzələrində qızıl qəbulu dayandırılıb. Mağaza sahibləri bunu qızılın indiki lom qiymətlərinin alış üçün çox da münasib olmaması ilə izah ediblər və ucuzlaşmaya ümid etdiklərini bildiriblər. Eyni zamanda birinci əl qəzıl satışında da ciddi durğunluq var. İkinci əl qızıl bazarında qiymətlər nisbətən münasib olduğundan (155-160 və 210-220 manat), daha çox bu məhsullar satılır.