AZ

BMT ni dağıtmaq Trampa asan başa gəlməyəcək

Azpost saytına istinadən ain.az xəbər verir.

“BMT əvəzinə Sülh Şurasının yaradılması prezident Trampın diplomatiya haqqında dərin təsəvvürlərindən irəli gəlmir. BMT uzun müddətdir sol-liberal qlobalist dəstə tərəfindən zəbt olunmuş bir qurumdur. Bu dəstə ilə şəxsi davası olan Tramp görəndə ki, BMT-ni onların əllərindən qoparmaq mümkün olmayacaq, öz rəhbərliyi altında alternativ qurum düzəltməyə qərarlaşdı”.

AzPost bildirir ki, bu sözləri REAL partiyasının lideri İlqar Məmmədov Qəzza Sülh Şurasının yaranma perpektivini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, Trampın bu addımının alınacağı çətin görünür: “Əgər BMT və Helsinki sazişi İkinci Dünya müharibəsinin nəticəsi idisə, “Soyuq müharibə”nin nəticələrini beynəlxalq hüquqda qələmə almış qurum ötən 35 ildə yaradılmadı. Rusiya Ukraynaya hücuma həm də ona görə keçmişdi ki, “Soyuq müharibə”də çox da uduzmadığını sübut eləsin. Moskva bununla post-BMT və post-Helsinki beynəlxalq hüquq sistemində özünə mühüm yer təmin etmək istəyirdi. Həmin hüquqi sistemi Putin çoxqütblü kimi təsəvvür edir. Trump isə Sülh Şurası təşəbbüsü ilə yeganə qütbün ABŞ-ın olmasına çalışır, çünki ABŞ onun təsəvvüründə Soyuq müharibənin tək qalibidir”.

İ. Məmmədovun fikrincə, BMT-Helsinki sistemini dağıtmaq Trampa asan başa gəlməyəcək: “Rusiya, Çin, Fransa və hətta Birləşmiş Krallıq özlərinin 1945-ci ildə qazandıqları statusu itirmək istəməz. Hətta təşəbbüsə qatılsalar belə, onu əngəlləmək üçün qatılacaqlar. Trampın bu dəyişikliyi gerçəkləşdirməyə resursu çatacaqmı ya yox – bilinmir. Bircə o aydındır ki, yeni hüquqi sistemin yaradılması istiqamətində səylər nəzəri mərhələdən fəal praktiki mərhələyə keçib”.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azpost.info

1Mənbələr