Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənistan prezidenti Vaaqn Xaçatryan Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya İqtisadi Kimliyinin Müəyyənləşdirilməsi” adlı paneldə iştirak edib.
Reyting.az-ın məlumatına görə, Ermənistan prezidenti Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafı üçün regionda sülhün və sabitliyin təmin edilməsinin, Şərq-Qərb oxunda normallaşmanın təmin olunmasının və sərbəst iqtisadi əməkdaşlığın vacibliyini vurğulayıb.
V. Xaçatryan deyib ki, dinc və sabit Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm mərkəzə çevrilə və çoxşaxəli iqtisadi inkişaf imkanları yarada bilər.
Ermənistan prezidenti ölkəsinin Türkiyə və Azərbaycanla apardığı sülh prosesinə də toxunub: “Gələcəyə nikbin baxmaq üçün səbəblərimiz var. Türkiyə və Azərbaycanla sülhlə bağlı diplomatik münasibətlər qurmaq üçün siyasi iradə və qətiyyət var. Xalqlarımızı da bu prosesə cəlb etmək niyyətindəyik. Bu, müvəqqəti sülh deyil, davamlı sülhdür”.
Xaçatryan əlavə edib ki, bir neçə il əvvəl müharibə vəziyyətində olan iki ölkə indi sülhə yönəlib. Yüklərin Ermənistana Gürcüstan üzərindən göndərildiyini xatırladan Xaçatryan, bu yüklərin bir gün birbaşa Azərbaycandan keçəcəyinə əmin olduğunu bildirib.
Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqəsinin qurulacağını və 90-cı illərdə yaranan problemlərin öhdəsindən gələcəklərini ifadə edən Xaçatryan deyib: “Vacib olan odur ki, hər ikimiz irəli baxaq. Geri baxıb, baş verənlərin səbəblərini tapmağa çalışsaq, bu, bizi fürsətdən məhrum edəcək”.
Xaçatryan bir neçə il ərzində Ermənistan və Azərbaycan vətəndaşlarının sərhədi keçib ticarətə başlayacağına, bir-birinin üstünlüklərindən faydalanacağına əmin olduğunu bildirib: “Maraqlarımız ölkələrimizin iqtisadi inkişafı, rifahımız, dostluğumuz, sülhümüz və qonşularımızla yaxşı münasibətlərimizlə bağlıdır. Eyni yanaşma Türkiyəyə də aiddir. Maraqlarımızı tapmağa çalışsaq, onları tapacağıq. Lakin onları xüsusi olaraq axtarmağa ehtiyac yoxdur. Türkiyə ilə sərhədləri açmalıyıq”.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.