Fransada 2026-cı il büdcəsinin qəbul edilməsi üçün Konstitusiyanın 49.3 maddəsinin tətbiqi siyasi gərginliyə səbəb olub. “Əyilməz Fransa” (La France Insoumise -LFI) partiyasının Milli Assambleyadakı fraksiya sədri Matild Pano bu addımı hökumətin uğursuzluğu kimi qiymətləndirərək, hökumətə qarşı etimadsızlıq təklifi (motion de censure) irəli sürəcəklərini bəyan edib.
Hafta.az xəbər verir ki, Matild Pano 49.3 maddəsindən istifadənin “Lökornü hökumətinin açıq-aşkar iflası olmasını, buna görə də müxalifətin hökuməti senzura edəcəyini sözlərinə əlavə edib. Onun sözlərinə görə, Baş nazir Sebastyan Lökornü hökumətin məsuliyyətini Konstitusiyanın 49.3 maddəsi əsasında üzərinə götürəcəyini elan etməklə əvvəl verdiyi vədləri pozub. Matild Pano bu qərarın azlıqda olan və yalan danışan bir hökumət tərəfindən verildiyini bildirib. O vurğulayıb ki, hökumət ötən ilin oktyabrında 49.3-dən imtina edəcəyinə söz vermişdi.
LFI lideri əlavə edib ki, etimadsızlıq təklifinin hazırlanması üçün kommunistlər və ekoloqlar fraksiyası ilə danışıqlar aparılıb və böyük ehtimalla bu təşəbbüs birgə təqdim olunacaq.
Qeyd edək ki, ekoloji hərəkatın tanınmış siması, deputat Sandrin Russo da daha əvvəl “franceinfo”ya verdiyi müsahibədə bildirmişdi ki, əgər büdcənin qəbulunda 49.3 maddəsi və ya fövqəladə sərəncamlardan istifadə olunarsa, o, hökumətə qarşı etimadsızlıq təklifini dəstəkləyəcək.
Beləliklə, 2026-cı il büdcəsi ətrafında yaranmış vəziyyət Fransa siyasi səhnəsində ciddi qarşıdurmanın davam edəcəyini göstərir.