AZ

Öncə ata, sonda oğul sıradan çıxdı: Çeçenistanda Kadırovlar dönəmi bitir?

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 18 yaşlı Adam Kadırovun Qroznıda ağır yol qəzasına düşməsi xəbəri ətrafında yayılan şayiələr səngimir. “Fortanga” nəşrinin mənbəsi bildirib ki, Adam Kadırov qəzada ağır xəsarət alıb, əvvəlcə yerli xəstəxanalardan birinə yerləşdirilib, lakin vəziyyətinin pisləşməsi səbəbindən təcili olaraq Moskvadakı xəstəxanalardan birinə köçürülüb. Çeçenistan hakimiyyəti indiyədək rəsmi açıqlama verməyib.

Diqqət çəkən məqam Ramzan Kadırovun səhhətində də ciddi problemlərin yaranmasıdır. Onun böyrəklərinin sıradan çıxdığı və Çeçenistanda yerləşən xəstəxanalardan birinə yerləşdirildiyi barədə məlumatlar yayılıb.

Oqtay Qasımov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Çeçenistanda baş verən hadisələr əslində təsadüfi deyil:

“R. Kadırov 2004-cü ildə atası öldükdən sonra onun yerinə keçib. 22 ildir ki, o Çeçenistanda despotik bir rejim qurub. Bu illər ərzində həm Kremlin, həm də Çeçenistan xalqının mübarizə və müstəqillik əzmini sındırmaq üçün çalışıb. Ümumiyyətlə, Çeçenistanda hər hansı bir müxalif fikrə icazə verməyib.

Ukrayna müharibəsi başlayandan sonra da R. Kadırov Kremlin xidmətində qalıb. Çeçenistan aktiv şəkildə həm maddi, həm də canlı qüvvə ilə Rusiyaya dəstək verib. Müharibə gedişində minlərlə çeçen həlak olub və yaralanıb.

R. Kadırovun Çeçenistandakı hakimiyyəti tam və sorğusuzdur. Ölkənin maliyyə və siyasi institutları onun əlindədir. Bundan başqa, o, özünə alternativ ola biləcək bütün şəxsləri sıradan çıxarmağı bacarıb. Kremlin bütün bunları görməzlikdən gəlməsi müqabilində R. Kadırov törətdiyi cinayətlər, represiyalar və qanunsuzluqların cəzasız qalmasını təmin edib”.

“Son illər onun fəaliyyəti Rusiya cəmiyyətində ciddi reaksiyalar doğurub. Səhhətində yaranmış problemlər onun mümkün əvəzlənməsini aktual edib. Buna görə son zamanlar oğlu Adam Kadırovu Çeçenistan rəhbərliyinə hazırlayırdı. Lakin 18 yaşında, məktəb partası arxasından çıxan bir yeniyetməni Çeçenistanın başına gətirmək böyük bir yanlış düşüncənin məhsuludur.

Bütün bunlara baxmayaraq, Çeçenistanda hər kəs onun kimi düşünmür. Xüsusilə, R. Kadırovun öz ailə daxilində belə bu planı dəstəkləməyənlər var. Görünür, baş verənlər bununla bağlıdır. Prosesə Kreml də təsir edir. Kremlin daxilində də Kadırovları istəməyən qüvvələr mövcuddur. Ona görə də varis planının qarşısını almaq üçün belə bir addım atılıb” – politoloq bildirib.

Atilla Rzasoy

Seçilən
159
nocomment.az

1Mənbələr