Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda mənzil bazarında kəskin bahalaşma davam edir. Son bir il ərzində qiymətlər 12 faizdən çox bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, 2025-ci ilin IV rübündə mənzil bazarında qiymətlər III rüblə müqayisədə 3.1 faiz artıb. Daha dəqiq desək, ilkin mənzil bazarı üzrə (ilk dəfə alınan mənzillər) 4.3 faiz, təkrar mənzil bazarı üzrə (köhnə tikililər) 3 faiz artıb. 2025-ci ilin yanvar-dekabr aylarında isə 2024-cü ilin analoji dövrünə nisbətən 12.2 faiz qiymət artımı qeydə alınıb. Qiymət artımı daha çox Bakıda qeydə alınıb.Ölkədəki iqtisadi göstəricilərə nəzərə salanda görünür ki, iqtisadi artım zəifdir. Belə olan halda, Bakıdakı mənzil bazarında onsuz da baha olan qiymətlərin daha da qalxmasının səbəbi nədir?
Əmlak məsələləri üzrə ekspert Cavid Hüseynov Bizimyol.info xəbər portalına bahalaşmanın səbəbləri barədə danışarkən bildirib ki, mənzil bazarına təsir göstərən müxtəlif amillər var. Onun sözlərinə görə, Bakıdakı söküntülərdən tutmuş, Rusiya-Ukrayna müharibəsinə görə oradan qayıdan azərbaycanlılara qədər bir çox səbəblər mənzil bazarına təsir göstərir.
Ekspertin sözlərinə görə, paytaxtın mərkəzi hissəsində, prestijli rayonlarda bahalaşma daha çox qeydə alınır. Çünki o yerlərdə mənzillərə tələbat daha çox olur: “Mənzil sahibi olmaq istəyənlər daha çox Nəsimi, Səbail, Yasamal, Nərimanov rayonlarında almağa çalışırlar. Amma Nizami rayonu, metronun “Neftçilər”, “Xalqlar dostluğu” stansiyalarının ətrafı, metronun “Xətai” stansiyasının yaxınlığı, Binəqədi rayonunun 8-9-cu mikrorayonlara aid hissələrinə də tələbat olur. Mərkəzə imkanı çatmayanlar nisbətən kənara çəkilir. Burada da ala bilməyənlər artıq şəhər ətrafında axtarır”.
Bahalaşmanın səbəblərinə gəlincə, Cavid Hüseynov qeyd edir ki, Bakıda yeni binaların tikintisi bir neçə il əvvəllə müqayisədə kəskin azalıb. Onun sözlərinə görə, hazırda çox az iş adamının Bakıda bina tikmək imkanı var: “Şərtlər ağırlaşdırıldı, hər adam indi bina tikə bilmir. Əvvəllər adi iş adamları da bina tikib sata bilirdisə, indi belə deyil. Ola bilər ki, tiksinlər, amma kənarda, şəhərətrafı ərazilərdə. Bazara çıxan yeni mənzillərin sayının azalması bahalaşmanı şərtləndirən amillərdən biridir”.
Ekspert daha bir səbəb kimi, Bakıdakı söküntüləri göstərir. Onun sözlərinə görə, paytaxtın mərkəzində minlərlə ev sökülür. Onlar özlərinə yeni ev almalı olurlar və bu tələbat da qiymətlərə təsir göstərir: “Mərkəzdə yaşamağa öyrəşmiş adamlar çox vaxt kənara köçmək istəmir, elə mərkəzdə, yaxud da mərkəzə yaxın yerlərdə ev axtarır. Əlbəttə, evi plana düşüb, kənarda da ev alanlar var, amma bu, bir qisimdir”.
Cavid Hüseynov vurğulayıb ki, mənzil bazarında qiymətlərə təsir göstərən başlıca səbəblərdən biri ipoteka kreditləridir və bu, hər il təkrarlanır: “Hər il ipoteka kreditləri veriləndə bazarda qiymət oynayır. O ərəfədə ipoteka götürmək hüququ olanların hamısı mənzil axtarır, tələbat artır. Dərhal da qiymətə təsir göstərir. Həmin vaxt qalxan qiymət daha düşmür. İpoteka kreditləri adətən ilin əvvəlində verilir, bu proses iki ay davam edir, alan alır. Sonra bir müddət bazar nisbətən zəifləyir. Sonra payızda yenidən ipoteka veriləndə bir daha aktivlik yaranır. Bir də onda qalxır. Hər il bu proses eyni qaydada təkrarlanır”.
Ekspert əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar, həmçinin Ukrayna ilə müharibəyə görə oradakı azərbaycanlıların bəziləri əmlaklarını sataraq, Bakıya gəlib və pullarını burada daşınmaz əmlaka yatırır: “Adamlar fikirləşirlər ki, nisbətən zəmanətli yatırım da elə daşınmaz əmlak almaqdır. Başqa biznesə pul qoyaram, birdən ziyan eləyərəm, ya kimsə əlimdən alar. Ev elədir ki, kirayə verə bilərəm, ən pis halda, yerində qalacaq. Evlər bahalaşdıqca kirayə pulları da artır. Qanunauyğunluq budur, qiyməti artan mənzilin gəlirliliyi də artır. Bu baxımdan mənzil bazarındakı bahalaşma kirayə bazarına da təsir göstərir”.
Aytən, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.