Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
Eyni zamanda yanğınla əlaqəli nazirliyin qərargahı yaradılıb.
***
Təcili tibbi yardım briqadası Dərnəgüldəki yanğınla bağlı 1 nəfərə yerində ilkin tibbi yardım göstərib.
Bu barədə Moderator.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
12:17
Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığında obyektlərin birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
12:04
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.