– Atam Türkiyəyə ilk dəfə 1960-cı illərdə gedib.
– Oxuduğuma görə, 1964-cü ilin avqust ayında İstanbulda keçirilən Beynəxalq Mədəniyyət Festivalında xalq mahnılarımızı, “Arşın mal alan” operettasından, Cüzeppe Verdinin əsərlərindən parçaları oxuyub. Festivala Azərbaycandan Zeynəb Xanlarova, həmçini Tofiq Əhmədov öz estrada orkestri ilə birgə gediblər. 1967-ci ilin yanvar ayında Ankarada Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasında baş rolu oynayıb. Dirijor da maestro Niyazi idi. Həmin günlərdə Lütfiyar İmanovu kommunizm təbliğatı aparmaqda təqsirləndiriblər. Türkiyə qəzetlərində bu məsələ haqqında anlaşılmaz yazılar gedib...

("Yeni Gazete" qəzeti, 9 fevral 1967-ci il)
– Sizə o hadisəni danışım. “Qaratoxmaq qadın” operasının üçüncü pərdəsində atamın oynadığı baş qəhrəmanın – Hermanın dilindən belə ifadələr səslənir: “Kim haqlıdır, kim xoşbəxtdir, dostlar? Bu gün sən, sabah mən!”. Türkiyə qəzetlərindən biri bu ifadələri nədənsə siyasi mənada başa düşüb, ittiham məzmunlu məqalə yazıb buraxıb. Atam səhərisi gün qəzeti görəndə dəhşətə gəlib. Niyazi ilə birlikdə dərhal səfirliyə gediblər. Oradan Türkiyənin Xarici İşlər Nazirliyinə məlumat göndərilib. Məsələ prokurorluqda araşdırılıb. Atam deyib ki, məgər həmin ifadələr öz sözlərimizdir? Onları 100 il qabaq Aleksandr Puşkin yazıb. Əlqərəz, hər hansı təbliğatdan söhbət getmədiyi aydınlaşıb. İttihamla dolu məqaləni buraxmış qəzet növbəti sayda üzr yazısı verib. Məsələdən qabaq atama həm də təklif gəlmişdi ki, Azərbaycana qayıtmasın, daimi Türkiyədə qalıb fəaliyyət göstərsin. O, əlbəttə, razılaşmayıb. Ona böhtan atılmasında, bəlkə də, təklifdən imtinasının da müəyyən rolu var.

(Rauf İmanov)
– 1985-ci ilin mayında Lütfiyar İmanov Ankarada baş tutmuş II Beynəlxalq Musiqi Festivalında iştirak məqsədilə yenidən Türkiyəyə getdi. Müğənni Xuraman Qasımova, dirijor Nazim Rzayev də nümayəndə heyətində idilər.
– Bəli. Atam 1990-cı ildən 1997-ci ilədək Türkiyədə fəaliyyət göstərdi, müxtəlif səhnələrdə: İstanbulda Camal Rəşid Rey adına Konsert Zalında, Atatürk Mədəniyyət Mərkəzində və s. çıxışları olub. TRT-nin verilişlərində dəfələrlə oxuyub. Bəstəkar Adnan Sayqunun “Kərəm” operasında baş rolu oynayıb. (“Kərəm” Türkiyənin ilk milli operası sayılır. Premyerası 1953-cü ildə Ankarada baş tutub. 38 il ərzində təkrarən səhnəyə qoyulmayıb. Yalnız 11 may 1991-ci ildə İstanbulda Lütfiyar İmanovun iştirakı ilə yeni həyat qazanıb – F.H.). Tamaşadan qabaq Adnan Sayqunla görüşüb. (Bəstəkar 1991-ci ilin 6 yanvarında dünyasını dəyişdiyi üçün “Kərəm”in ikinci premyerasını görməyib – F.H.). Adnan Sayqun 1970-ci illərin əvvəlində “Koroğlu” operasını yazmışdı. Maraqlıdır ki, Üzeyir Hacıbəyovun “Koroğlu”sundan fərqli olaraq, burada Koroğlu bariton, Həsən xan isə tenor səslə yaradılmışdı. Sonralar o, atamla tanış olanda bu barədə danışmışdı. Demişdi ki, səhvə yol verib, Lütfiyar İmanov səviyyəsində bir səsin olduğunu bilməyib. Hər halda, bəstəkarın təklifi ilə atam operada “Həsən xan” rolunu oynayır. Təəssüf ki, həmin ifasının video, yaxud audio yazısını tapa bilməmişəm.

("Milliyet" qəzeti, 10 iyun 1991-ci il)
– “Kərəm” operasına qayıdaq…
– Hə. Atam 1990-cı ildə təxminən 20 gün Türkiyədə qalıb, operanın məşqlərində iştirak edib. (Əlbəttə, öz fəaliyyəti ilə əlaqədar hər dəfə Türkiyəyə yollananda ölkə rəhbərliyindən, Mədəniyyət Nazirliyindən icazə alırdı). Rolu təsdiqlənəndə İstanbula yenidən çağırılıb. Onda atama xəbər gəlir ki, Teatr Xadimləri İttifaqının (Lütfiyar İmanov 1986-1991-ci illərdə bu ittifaqın sədri vəzifəsində çalıışıb – F.H.) qurultayı keçiriləcək, o mütləq gəlməlidir. Tərslikdən, qurultayın tarixi “Kərəm”in premyerasından bir gün sonraya təyin edilmişdi. Müavini Bala Qasımov (Gənc Tamaşaçılar Teatrının 1964-1973-cü illərdə direktoru – F.H.) mənə zəng vurdu. Dedi, qurultayda ittifaqa yeni sədr seçmək istəyirlər. Halbuki atamın sədrlik müddətinin bitməsinə hələ 8 ay qalmışdı. Öyrəndim ki, bu, Azər Paşa Nemətovun təşəbbüsüdür. Özüm atama zəng vurdum. O dedi, sabah premyera olacaq, çatdırıb qurultaya gələ bilmərəm; o boyda tamaşanı qoyub ittifaqda sədrliyi üstün tuta bilmərəm.

(Lütfiyar İmanov və maestro Niyazi türk bəstəkarlar Adnan Sayqun və Nəcil Kazımla İstanbulda. 1973-cü il)
– Haqsız da deyildi. Axı ilk dəfə Azərbaycanın opera müğənnisi Türkiyədə baş rolu oynayacaqdı…
– Bəli, ona görə də gəlmədi. Qurultayda Həsən Turabovu sədr seçdilər. Atam isə iki gündən sonra vətənə qayıtdı. Mən öz ailəmlə başqa evdə yaşayırdım. Anam zəng vurub söylədi ki, atam, düz iki həftədir, evdən çıxmır, ancaq öz otağında oturur.
– Bu hadisəyə görə…
– Hə, birtəhər olmuşdu. İnfarkt vura bilərdi. Özünə qapanmışdı, heç kəslə danışmır, əlaqə saxlamırdı. Yanına gəlib dilə tutdum, dedim, gəl ittifaqa gedək, kabinetindən əşyalarını götürək. Əvvəlcə istəmədi, amma sonra razılaşdı. Getdik. İttifaqda üçüncüyü mərtəbəyə qalxdıq. Həsən Turabov sədrin otağından yox, başqa otaqdan çıxıb bizi qarşıladı. Təəccübləndik. Atam soruşdu, vəziyyət belə aydınlaşdı ki, Həsən Turabov sədrin otağına yerləşmək üçün məhz atamın gəlməsini gözləyirmiş. Dedi: “Sizsiz necə o otağa girim?”. Hörmətə bax!… İçəri birlikdə girdik. Turabov da kömək etdi, atamın əşyalarını qutulara yığdıq, aparıb maşına qoyduq. Turabov atamdan ona xeyir-dua verməsini istədi. Açıq-aşkar söylədi ki, razılığı yoxdursa, çıxıb gedəcək. Atam, əlbəttə, “Xeyirli olsun” dedi.
– Belə başa düşürəm ki, gözlənilməz qurultayla Lütfiyar İmanovu vəzifədən uzaqlaşdırdılar.
– Hə, söhbətin əvvəli də var… Özüm də çox sonralar – 2020-ci ildə öyrəndim. Həmin dövrdə Prezident Aparatında məsul vəzifədə işləmiş şəxslərdən biri, dostum mənə zəng vurdu. Onun təklifi ilə kafelərin birində görüşdük. Üz-üzə oturub söhbətləşdiyimiz əsnada qəfildən ittifaqın qurultayı məsələsini açdı. Sən demə, Teatr Xadimləri İttifaqına təzə sədr seçilməsi birbaşa Ayaz Mütəllibovun tapşırığı idi. Məsul şəxs ondan bu tapşırığı alanda deyib, axı Lütfiyar İmanov sədrdir. “Yox, Lütfiyar daha Bakıya gəlməyəcək!”, Mütəllibov söyləyib. Sözün qısası, atam haqqında şayiə yaymışdılar… Məsul şəxs atama, yaxud mənə zəng vuraraq məsələni aydınlaşdırmaq istəyib. Mütəllibov yenidən qətiliklə öz etirazını bildirib: “Yox, mənə dedilər, o gəlməyəcək!”. Kim deyib? Azər Paşa. Deyib ki, guya Lütfiyar İmanov küsüb Azərbaycandan gedib… Əslində, “küskünlüyün” də səbəbi var. Hadisədən bir il qabaq Polad Bülbüloğlu (1988-2006-ci illərdə Azərbaycanın mədəniyyət naziri idi – F.H.) qəzetlərin birinə müsahibəsində söyləmişdi ki, Lütfiyar İmanov İstanbulda operada oynadığı vaxt guya teatrdan kostyum oğurlayıb. Atam bu xəbəri görəndə dəhşətə gəlmişdi!
– Aydındır ki, sənətkara böhtan atılıb.
– Bəli, böhtan!... Atam onda İstanbulda “Arşın mal alan”da “Əsgər” rolunda oynayırdı. Teatr tamaşanın finalında atamın geyinməsi üçün xüsusi ağ kostyum tikdirmişdi. Tamaşa qurtaranda şəxsən direktor o kostyumu atama bağışlayıb. Atam da götürüb Bakıya gətirib, bu barədə də kimlərəsə danışıb. O adamlar xəbəri dərhal Polada çatdırıblar. Polad da öz müsahibəsində söhbəti fırladıb ki, guya Lütfiyar İmanov kostyumu oğurlayıb… Dediyim kimi, atam dəhşətə gəldi. Dərhal İstanbulla – teatrla əlaqə saxladı. Kostyumu gətirib ittifaqdakılara göstərdi, üstəlik, kamera ilə çəkib, videolenti Türkiyəyə göndərtdi. İki günə İstanbuldan səfirliyə, səfirlikdən də Mədəniyyət Nazirliyinə atamın adına rəsmi məktub göndərildi. Məktubda açıq-aşkar bildirilirdi ki, kostyum filan tarixdə Lütfiyar İmanova bağışlanıb, oğurluq iddiası tamamilə cəfəngiyyatdır.
– Lütfiyar İmanov guya bu qalmaqala görə küsüb Azərbaycandan getdi.
– Ümumiyyətlə, Polad Bülbüloğlu atamın da, bir çox başqa sənətkarın da fəaliyyətinə əngəl törədirdi. TÜRKSOY-a sədr seçiləndə Bakıdakı yığıncaqlardan birində açıq-aşkar demişdi ki, atamın işləməyinə, şöhrət qazanmağına hər cür imkan verməyəcək… Atam sonrakı müsahibələrində öz tənqidlərini bildirib, amma oğurluq böhtanı barədə bircə dəfə danışıb. “Məni oğru çıxarıblar”, söyləyib… Ayaz Mütəllibova deyilənə görə, atam guya bir il qabaq baş vermiş hadisəyə görə küsüb və bir il ərzində qərara gəlib ki, İstanbula getsin. Ayaz Mütəllibov da, bilmirəm, inanıb, ya inanmayıb, hər halda, sədrin dəyişdirilməsi haqqında tapşırıq verib. O özü Amaliya Pənahovanın seçilməsini istəyirmiş, amma Azər Paşa razılaşmayıb, deyib: “Biz Həsən Turabovu istəyirik”.
– Elə Həsən Turabov da sədr seçildi.
– Hə. Məsul şəxs bu şeyləri mənə danışanda dedim, gör neçə il keçib, o isə indi açıb danışır. O dedi, qorxub ki, gedib Ayaz Mütəllibova sərt cavab verərəm… Çünki onu əvvəldən tanıyırdım. “Yurd” şirkəti açmışdıq, jurnal buraxırdıq, bizə İncəsənət Muzeyinin binasında yer vermişdi. Baba Vəziroğlu da yanımda redaktor işləyirdi. Mütəllibov isə, ümumiyyətlə, elə bir prezident idi ki, özünü şah sayırdı. Fors-major vəziyyət qarşısında bir azərbaycanlı kimi, kişi kimi, bu torpağın adamı kimi lazımi addımlar ata bilmədi. Axırda da Moskvaya qaçdı. O, ölkəmizdə prezidentliyə layiq insan deyildi. Vəzifə sahibi şəxs öz məsuliyyətini başa düşməlidir…
– Lütfiyar İmanovun Türkiyəyə getməsinə qayıdaq. Ayaz Mütəllibovu inandırmışdılar ki. o, həmişəlik gedib, eləmi?
– Hə, Azər Paşa, Polad Bülbüloğlu, başqaları onu belə inandırıblar, belə fikir yaradıblar amma atam həmişəlik getməmişdi. Onu hələ 1980-ci illərin axırlarında Türkiyədən tez-tez konsertlərə, tamaşalara, festivallara çağırırdılar. 1987-1988-ci illərdə 12 musiqiçidən ibarət “Novruz” ansamblı onu Antalya şəhərində keçirilən festivalda müşayiət edib. O ansamblı mən Əliağa Quliyevin, İslam Rzayevin, Zeynəb Xanlarovanın, Afaq Məlikovanın ansambllarından musiqiçilər və rəqqaslar seçərək ərsəyə gətirmişdim. Atamın bu ansamblla birgə Türkiyədə bir neçə konserti baş tutub, ancaq o həmişə yenidən Bakıya qayıdıb. Əlbəttə, atama orada – İstanbulda qalmağı tez-tez təklif edir, Zəki Mürən kimi şöhrət tapacağını vəd edirdilər. Atam razılaşmırdı, vətənə qayıdırdı. Deyirdi, haçan istəyərlərsə, yenə gəlib oxuyar. Anam onun bu təkliflərə rədd cavab verməsindən, Azərbaycanda dəyər görməməsindən gileyli idi, o özü getmək istəyirdi. Çünki atamı Vəzirovun (Əbdürrəhman Vəzirov – 1988-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – F.H.) göstərişi ilə 1988-ci ildə Opera və Balet Teatrından çıxarmışdılar. Bu barədə atam haqqımda çəkdiyimiz sənədli filmdə də danışmışam. O filmin rusca versiyası nümayiş olunub, amma Azərbaycan dilində versiyasının nümayişinə nazirlik icazə vermir. Tələb edilir ki, əvvəlcə reyestrdən keçirmək, yəni “qayçılamaq” lazımdır.
– Siz də razılaşmırsınız.
– Əlbəttə… Atam Həsən Turabova xeyir-dua verib ittifaqla məsələni qurtarandan bir neçə gün sonra mənə dedi, yəqin, İstanbula köçəcəyik. Təəccübləndim ki, necə? Deməli, İstanbula zəng vuraraq müdiriyyətlə danışıb. Soruşub, orada solist və müəllim işləmək barədə təklifləri hələ qüvvədədədirmi? Deyiblər, bəli, nə vaxt istəsə, gələ bilər. Atam da bir həftəyə gələcəyini bildirib.
– Hansı universitetdə müəllim işləməyi təklif etmişdilər?
– Universitetdə yox, İstanbul Opera və Balet Teatrında ikinci dərəcəli rollarda, xorlarda oxuyanlara xüsusi vokal dərsi keçəcəkdi. Tələbələrini də özü seçəcəkdi. Beləliklə, İstanbula gedəndə onunla hər il təzələnən birillik müqavilə imzaladılar. Müqaviləyə əsasən, atam aylıq 3000 dollar məvacib alacaqdı. Ona Taksimdə (İstanbul şəhərinin mərkəzi səmti – F.H.) ev də verdilər. Atamı orada da gözü götürməyənlər vardı. Operanın solistlərindən biri direktora atamdan şikayət etmişdi: niyə Lütfiyar İmanovun tələbələrinə tamaşada rol verirsiniz, onun tələbələrinə isə yox? Direktor demişdi: “Lütfiyar hara, sən hara? Xoşun gəlmir, get”. Atam özü bu söhbətə görə İstanbul operasından çıxdı, dəvət əsasında İzmir şəhərinə getdi, orada da birillik müqavilə imzaladı. 2024-cü ilin fevralında mənə İzmirdəki Egey Universitetinin konservatoriyasından zəng gəldi. Bir xanım konsertmeyster idi, soruşdu ki, atamın 100 illik yubileyi nə vaxtdır? Dedim, 2028-ci ildə. Məni bu münasibətlə İzmirə dəvət etdi. Təəccübləndim. Məhz onda öyrəndim ki, o vaxt atamın təşəbbüsü ilə həmin konservatoriyada vokal kafedrası açılıb. Orada indiyədək hər il atamın doğum günü qeyd olunur.
– Bəs siz İzmirə getdiniz?
– Yox, gedə bilmədim.
– Lütfiyar İmanov Azərbaycanda birdəfəlik nə vaxt qayıtdı?
– Danışım. Deməli, o, Bakıya müvəqqəti qayıdanda, adətən, özü maşını ilə gəlir, anamı isə təyyarə ilə yola salırdı. Bir dəfə isə İstanbul Hava Limanında Heydər Əliyevin köməkçisi ilə rastlaşıb. Köməkçi onu görüb, yaxınlaşaraq tanışlıq verib. Atamdan soruşub ki, hara gedir? Atam deyib, anamı Bakıya yola salır, özü isə maşınla gedəcək. Köməkçi bildirib ki, Heydər bəy Ankaradadır, sabah İstanbula gələcək…
– Deyib, yəni atanız onu gözləsin, hə?
– Hə. Köməkçi deyib ki, Heydər bəyə məlumat çatdırar, Heydər bəy atamı da öz təyyarəsi ilə Bakıya gətirər. Atam razılaşıb, anamı yola salaraq, özü evə qayıdıb. Anam Bakıya çatanda bizə xəbər verdi ki, atam İstanbula Heydər bəyi gözləyir. Səhəri gün axşam atam zəng vurdu ki, gəlirlər.
– Heydər Əliyevlə birlikdə?
– Hə. Mən, anam, qardaşım hava limanına onları qarşılamağa getdik. Gəldilər, görüşdük, maşına oturduq. Atam danışdı ki, Heydər bəy ona deyib, Azərbaycana qayıtsın.
– Bu, neçənci ildə idi?
– 1997-ci il.

(Ulu Öndər Heydər Əliyev, Lütfiyar İmanov, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya və Müslüm Maqomayev. 1970-ci illər)
– Beləliklə, Lütfiyar İmanov Azərbaycanda qaldı.
– Bəli. Atam Heydər Əliyevlə əvvəldən tanış idi, onların yaxın münasibəti vardı. Yadıma gəlir, mən uşaq idim, “Dzerjinski” klubundan (indiki DTX Mədəniyyət Mərkəzi – F.H.) çıxırdıq, küçədə birdən kimsə atamı çağırdı. Atamdan soruşdum ki, o kimdir? Gördüm, generaldır. Bizə yaxınlaşıb salamlaşdı. O məhz Heydər Əliyev idi.
– Çox maraqlıdır. Atanız artıq Azərbaycana gələndə hansı işlər gördü?
– Özü əlaqələr qurmuşdu, az qala, hər ay Rusiyada, Almaniyada, başqa ölkələrdə tamaşalara, konsertlərə çağırırdılar. Ondan qabaq hələ 1983-cü ildən başlamaqla 1980-ci illərdə Almaniyaya 6 dəfə qastrola getmişdi. Sonra (2000-ci ilin 13 mayında – F.H.) Almaniyada “Min ilin türküsü” ələvi festivalında Füzulinin “Vətənimdir” əsərini (musiqisi bəstəkar Süleyman Ələsgərova məxsusdur – F.H.) simfonik orkestrin müşayiəti ilə oxuyub. Bizə danışmışdı ki, açıq havada beş mindən artıq tamaşaçı vardı.

(Lütfiyar İmanov Belarusun Minsk şəhərində İrandan gəlmiş azərbaycanlı mühacirlərlə. 21 oktyabr 1983-cü il. Fotoda Lütfiyar bəyin solunda durmuş gənc oğlan unudulmaz pianoçu Taleh Hacıyevdir)
– Hansı şəhərdə?
– Deyəsən, Kölndə (“Kölnarena”da – F.H.). Həmin festivalın videosu da məndə var. İçəridə beş mindən çox adam oturmuşdu, küçədəkilərin isə sayı-hesabı bilinmirdi. Atam danışırdı, festival 2-3 saat yox, 12 saata yaxın çəkib. Çünki müxtəlif ölkələrdən çoxlu ifaçı, ansambl iştirak edirdi. Keçmiş SSRİ məkanından təkcə atam Lütfiyar İmanovu çağırılmışdı. Onu Almaniyada Motsartın yubileyi ilə əlaqədar konsertə də çağırmışdılar. Atam Kanadaya da, ABŞ-yə də gedib. ABŞ-də Çingiz Sadıqovla birgə konserti olub. Eyni zamanda, Türkiyədə də konsertlərə çağırırdılar. 1990-cı ildə Qara Yanvardan sonra atam ölkə rəhbərliyinə 20 gün müraciət etdi ki, sənət xadimlərini Avropaya, Almaniyaya göndərsinlər, onlar Qara Yanvar haqqında həqiqəti orada danışsınlar. Yanvarın axırında, nəhayət, getmişdiər; atam, Cabir Novruz və Çingiz Sadıxov. Onların da çıxışlarının videosu var.
– Bəs Azərbaycanda vəziyyət necə idi?
– Sənət xadimlərinə ilk Prezident təqaüdü ilə əlaqədar qəzetdə siyahı çıxmışdı. Oxudum, gördüm, atamın adı yoxdur. Anama zəng vurdum, dedim, ata qəzeti oxuyub? Cavab verdi ki, hə, səhərdən birtəhərdir. Prezident Aparatı ilə əlaqə saxladım, məsələni danışdım. Düzü, onlar da təəccübləndilər. Dedilər, bir aya yeni siyahı hazırlanacaq. Əlqərəz, Heydər bəy özü bu məsələ ilə şəxsən maraqlanıb. Yeni siyahı imzalanmaq üçün ona təqdim olunanda heç oxumayıb. Deyib: “Lütfiyarın adı birinci olmalıdır, gedin, dəyişdirin”. Əlbəttə, prezident öz adamlarına inanırdı ki, təqaüdə layiq şəxslərin adlarını yazacaqlar, amma belə xoşagəlməz hallar da baş verirdi… Beləliklə, atam Prezident təqaüdü aldı. Onda anama zəng vurdum. Dedi, artıq onlara da xəbər veriblər, sevinirdi.
– Lütfiyar İmanov özü də mahnılar yazıb, rəsmlər çəkib. Bu barədə də danışa bilərsinizmi?
– Mən konservatoriyada oxuyanda evdə onu təzə əsərlərdə, romanslarda müşayiət edirdim. Gecə saatlarında da məni çağırırdı. Atam özü piano çala bilmirdi. Bir gün evə gələndə eşitdim, kimsə peşəkarcasına çalır, amma deyəsən, əsəri bilmədiyi, nota baxdığı üçün ləngiyir. Cavan qız idi. Atam məni səslədi, dedi, mən çalım. Baxdım, Raxmaninovun əsəri idi, özüm də bilmirdim. Notları vərəqlədim, vərəqlədim, oturub birbaşa çalmağa başladım. Qız atama dedi: “Lütfiyar bəy, sizin ki belə konsertmeysteriniz var, məni niyə çağırmısınız?”. Dedi, özü əsəri gərək üç gün məşq etsin ki, o cür çala bilsin.
– Yəni əsəri bilməsəniz də, rahatlıqla çaldınız.
– Bəli… Atam özü də axşamlar hərdən nəsə çalırdı. Qurtaranda məni çağırırdı. Deyirdi, mahnı yazıb. Əsasən Nəbi Xəzrinin, Ramiz Abdullayevin, Mədinə Gülgünün sözlərinə yazırdı. Özü çalır, oxuyur, sonda da fikrimi soruşurdu. Mən bəyənmirdim, o da hirslənirdi. Gecələr 3-4 mahnı yazırdı. Aparıb Zöhraba (Zöhrab Adıgözəlzadə – F.H.), ya başqasına göstərirdi. Bir dəfə də mahnının akkordlarını yazdırmaqdan ötrü Siyavuşun (Siyavuş Kərimi – F.H.) yanına getmişdi. Siyavuş 4 il qabaq mənə danışdı ki, guya o vaxt Lütfiyar müəllim üçün iş görür, pul götümürdü. Dedim: “İndi başıma vurursan? Sənə çıxarıb pul verim?”. Nə isə…
– Aydındır… Lütfiyar bəy ümumilikdə neçə mahnı yazıb?
– 50-yə qədər. Çoxunun notları da vardı, ancaq məndə qalmayıb. Məndə əlyazma notları var ki, təkcə kantalarını işləyib, müşayiət yoxdur. Atam öz mahnılarını Əliağa Quliyevin ansamblına da verirdi. Ansambl mahnını aranjiman edib hazır vəziyyətə gətirir, atam da oxuyurdu.
– Öz mahnılarını başqa ifaçılara vermirdimi?
– Yox, heç kim onun mahnılarını oxumayıb.
– Bu barədə İlham Mirzəyevin “Etiraf” verilişində də deyib. Deyib ki, ancaq özü oxuması üçün mahnı yazır.
– Bəli. Özü oxuyub. Təkcə Ramiz Abdullayevin səkkizə yaxın şeirinə atam musiqi bəstələyib.
– Lütfiyar İmanovun rəsmləri haqqında da danışmağınızı istərdim.
– Atam rəsm çəkməyə hələ uşaqlığında, əsasən isə əsgərlikdə başlayıb.
– Rəssamlıq təhsili alıb?
– Yox, özü öyrənib. Ukraynanın Rava-Ruska şəhərində xidmət edib. Orada nə bacardığı soruşulanda rəsm çəkdiyini, mahnı oxuduğunu deyib. Hərbi hissənin həftəlik divar qəzetini hazırlamağı atama tapşırıblar. Ona ayrıca otaq, boya və kağız veriblər. Beləliklə, həm qəzeti hazırlayır, həm də eksizlər çəkirdi. Həmin eskizlər əsasında 2002-ci ildə əsərlər ərsəyə gətirib. Məsələn, çəkdiyi gül rəsmi indi mənim evimdədir. Atamın hərbi formada molbertin qarşısında fotosu da var.

(Lütfiyarın İmanovun çəkdiyi rəsmlərdən)
– Deməli, elə fotosu da var?…
– Hə, bir dostu da yanında durub. Atamın əsgərlikdə rəsm çəkməyi sonrakı yaradıcılığında, təfəkküründə ona kömək edib. Bir çox tamaşada öz kostyumunun, ayaqqabısının, ya papağının dizaynını özü hazırlayıb.
– Çox maraqlı təsadüfdür ki, siz bayaq dediniz, onu Türkiyədə Zəki Mürənə bənzədirdilər, onun kimii şöhrət tapacağını vəd edirdilər, elə Zəki Mürən də öz səhnə kostyumlarını özü hazırlayırdı.
– Atam Türkiyədən Zəki Mürənin plastinkalarını gətirmişdi, amma hamısını muzeyə (Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi – F.H.) vermişəm.
– Bilmirsiniz, onlar görüşüblərmi?
– Yox, məlumatım yoxdur. İlk dəfə Zəki Mürənin kiçik vallarını gətirmişdi, üstündə şəkli vardı. Soruşdum, bu kimdir? Dedi, Zəki Mürəndir. Ona ilk dəfə həmin vaxt qulaq asmışam. Çox gözəl səsi vardı, möhtəşəm oxuyurdu. Atam həm də bir zənci qadın müğənninin (Qreys Bambridən söhbət gedir – F.H.) plastinkasını gətirmişdi. Avropada “Karmen” operasının ən yaxşı ifaçısı sayılırdı. 2015-2016-cı illərdə özüm İstanbulda, Taksimdə bir disk mağazasına girmişdim. Disklərə, kasetlərə baxanda Azərbaycan dilində dedim, nə yaxşıdır. Satıcı soruşdu, haralısınız? Cavab verdim ki, Azərbaycandan gəlmişəm. Dedi, sizə bir disk verəcəyəm. Gətirdi, baxdım, atamın diskidir…
– Təsadüfə bax…
– Soruşdu, onu, yəni Lütfiyar İmanovu tanıyırsan? Dedim, bəli. Söylədi ki, bu diski ona vaxtı ikən atam özü bağışlayıb. Azərbaycan xalq mahnılarından ibarət disk idi.
– O disk Türkiyədə buraxılmışdı?
– Yox, Azərbaycanda. Atam özü ilə götürür, hara gedirdisə, paylayardı. Həmin o mağazaya da 3-4 dənəsini verib. Satıcı dedi, hamısı satılıb, birini özü üçün saxlayıb. Atamı hər dəfə küçədə görəndə çağırırmış ki, Lütfiyar müəllim, disk qurtarıb. Atam yenə 5-10 dənəsini gətirirmiş.
– Hamısı da satılırmış.
– Hə. 2019-cu ildə Muğam Mərkəzində atamın 90 illik yubileyini keçirdiyimiz vaxt bir xanım dostum, tələbəlik yoldaşım idi, mənə bir çanta göstərdi. Çantanın üstündə yazılmışdı: “Azəri sənətçi Lütfiyar İmanov”. Soruşdum, bu nədir, axı qadın çantasıdır? Dedi, İstanbulda rastına çıxıb, alıb. Mənə bağışlamaq istədi, götürmədim. Bax belə. Türklər atama qarşı pislik etməyiblər…
– Əksinə, çox dəyər veriblər.
– Sizə deyim, hətta bir layihə ilə əlaqədar Türkiyənin Azərbaycandakı mədəniyyət müşaviri İrfanla (İrfan Çiftçi – F.H.) əlaqə saxladım. Telefonda layihə haqqında söhbətləşdik. Təsadüfən soyadımı soruşdu. Cavab verdim ki, İmanov. Gördüm, tutuldu: “İmanov? Mən bir İmanov tanıyıram. Azəri sənətçi. Siz onu tanıyırsınız?”. Soruşdum, kimdir? Dedi, Lütfiyar İmanov. Dedim, bəli. “Onun qohumusunuz?”, soruşdu. Dedim, atamdır. Birdən tappıltı səsi eşitdim: həyəcandan qalxıb, stul aşıb. Məəttəl qalıb. “Bilirsiniz, Ərdoğan atanızı çox xoşlayırdı”, dedi. Təəccübləndim: “Ərdoğan kimdir?”. Dedi, prezidentimiz. Mənə danışdı ki, Ərdoğan İstanbulun bələdiyyə sədri işləyəndə (1994-1998-ci illərdə – F.H.) onun köməkçisi imiş. Bir gün çağırıb, deyib, Ankaraya – Lütfiyarın konsertinə gedirik. Harada atamın konserti, tamaşası olurdusa, iştirak edirmiş, hətta öz tədbirlərini, iclaslarını təxirə salırmış… Onda yadıma düşdü ki, o vaxt mən İstanbula gələndə atama mənə demişdi, sabah bələdiyyəyə, sədrlə görüşməyə gedəcəyik. Demişdim, ata, sədrlə görüşmək nəyimə lazımdır? Getməmişdim. Sən demə, atam məhz Ərdoğanla görüşübmüş… İrfana dedim, özüm də Ərdoğanla görüşmək istəyirəm. O, təşkil edəcək, Ərdoğana Lüfiyarın oğlunu tapdığını deyəcəkdi. Söhbətimizdən bir neçə gün keçdi, xəbər aldım ki, İrfan rəhmətə gedib…
– Atanızın rəssamlıq cəhəti haqqında danışırdıq.. .
– Atam hansı əsəri, operanı oxuyurdusa, baş qəhrəmanın, yəni özünün rəsmini çəkirdi. Məsələn, “Koroğlu”, “Vaqif”, “Sevil” “Qaratoxmaq qadın”, “Riqoletto”, “Faust” və s. – hamısında avtoportretini çəkib. Atamın ümumilikdə təqribən 12 rəsmi var, üçü məndədir. Qalanını muzeyə vermişəm. 2019-cu ildə Sabirabaddakı muzeyə də (Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi – F.H.) bir çox əşyasını: dörd-beş rəsmini, kostyumunu, disklərini, kitablarını bağışladım. (Atamda əksər Azərbaycan şairlərinin kitabları vardı, çoxu da imzalı idi). Muzey keçən il təmirdən sonra açılanda orada Heydər Əliyevə, Qarabağa və Lütfiyar İmanova aid üç daimi sərgi açıldı. Muzeyin təşkilatçılığı ilə atamın 90 illik yubileyi də qeyd olundu.
– Rauf bəy, atanızın müxtəlif janrlarda ifaları var. Oxumağı ən çox xoşladığı janr, yaxud hansısa opera vardımı?
– Bütün ifalarına bərabər yanaşırdı. Özü Mədəniyyət Nazirliyinə məktubunda yazır ki, solist olmazdan qabaq Opera və Balet Teatrında təxminən 8 opera oynanırdı. Atam gələndən sonra bu say 20-yə çatıb. Məhz onun səsinə görə repertuar genişlənirdi. Sonrakı illərdə cəmi 10 opera qalmışdı.
– Onun vaxtında?
– Hə. Deyirdi, axı sağdır, hələ oxuyur. Məsələn, Offenbaxın (Jak Offenbax – F.H.) “Hofmanın nağılları” operası cəmi 2-3 dəfə oynanıb, sonra repertuardan çıxardılar.
– Nəyə görə?
– Çünki Azərbaycanda atamdan başqa ikinci lirik dramatik tenor yox idi. Ona görə də “Otello”nu, “Aida”nı, “Karmen”i heç kim oxuya bilmir. “Vaqif” operasını da Ramiz (Ramiz Mustafayev – F.H.) ayrı ifaçıya vermirdi.

(Lütfiyar İmanov "Aida" operasında "Radomes" rolunda)
– Deyəsən, məhz atanızın səsinə görə yazmışdı.
– Əslində, Firudin Mehdiyev üçün yazıb. Librettonun müəllifi də Firudin Mehdiyev idi, amma Ramiz sonra atama görə fikrini dəyişib. Çünki ona lirik dramatik tenor səs lazım idi. Axı Vaqif təkcə şair yox, yeri gələndə cəngavər idi. Bu söhbətə görə Mehdiyev bəstəkara qarşı kinli qalmışdı. O, tamaşada “Qacar” rolunu oynayırdı. “Vaqif” obrazını isə 60-cı illərdən sonra başqa oxuyan yox idi. İndiyədək də yoxdur.
– Keçmiş müsahibələrinizdən birində demisiniz ki, Lütfiyar İmanov hər tamaşadan qabaq operanın mövzusunu, mahiyyətini qavramaqdan ötrü ciddi hazırlaşırdı. Məsələn, “Aida”da oxuduğu vaxt Misir tarixini oxuyurmuş.
– Hə, bir dəfə otağına keçəndə gördüm ki, Misir tarixi haqqında kitab oxuyur. Mən də tarixi yaxşı bilirəm. Dedim, istəyirsə, özüm ona Tutanxamondan, Ramzesdən, Kleopatradan və s. danışım. Hirsləndi. Dedi, Misirə aid əsərdə oynayacaq. Bilməlidir ki, o dövrdə Misirdə vəziyyət necə idi. “Karmen”i oynayanda da yazıçı Prosper Merimenin novellasını oxuyurdu. Deyirdi, operanın librettosu ilə novella arasında fərqlər var, onları öyrənməlidir… O vaxt rayonlarından birində Ələsgər Ələkbərov “Vaqif”də oynayırdı. Atam tamaşa qurtaranda onunla görüşüb, tanışlıq verib. Ələsgər Ələkbərov onu tanıyıb demişdi: “Vaqif” operasında sənin səsini eşidəndə “Vaqif” obrazını tamamilə başqa cür qavramağa başladım. O vaxtdan bəri özüm də “Vaqif”i başqa cür oynayıram”. Çünki atam hər işin dərininə, mahiyyətinə varırdı. Məndə bu xasiyyəti ondan görüb götürmüşəm. O bizə tərbiyə vermirdi, lazımi şeyləri özü öz əməlində, hərəkətində, danışığında göstərirdi, biz də qavrayırdıq.
– Dediniz, hər ifasına bərabər yanaşırdı…
– Yəqin ki, “Koroğlu”nu daha çox sevirdi. Deyirdi, Koroğlunun 7777 dəlisi varsa, biri də özüdür. Uşaqlığından – 14 yaşından papaq taxıb, bığ qoyub “Koroğlu”nu oxuyurdu. Qarabağ o vaxt işğal altında ikən ən böyük arzusu idi ki, torpaqlar azad oluna, “Koroğlu”nu Qarabağda oxuya… “Koroğlu”da öz davamçılarından Samir Cəfərovun ifasını bəyənmişdi, ona xeyir-dua vermişdi.

(Lütfiyar İmanovun "Koroğlu" obrazında avtoportreti)
– Belə deyə bilərik ki, Lütfiyar İmanov məhz “Koroğlu”nu oxumaq üçün dünyaya gəlmişdi.
– Hə, elə bil elə idi. “Koroğlu” operası 3 saata yaxın çəkirdi. Hər tamaşada azı 3-4 kiloqram arıqlayırdı. Axı hərəkətləri çox idi, ora-bura qaçırdı, oynayırdı.
– Hər tamaşada öz canını qoyurdu.
– Hə, can qoyurdu. Bir dəfə zalda oturmuşdum. O oxuduqca zala baxır, mən də işarələr edirəm ki, görsün. Fasilədə gedib özünə demişdim: “Ata, mənə niyə baxmırdın?”. Cavab verdi: “Sən harada oturmuşdun? Axı görmürəm”. Deyirdi, zalı qaranlıq bir şey kimi görür.
– Sanki başqa aləmə düşürdü…
– Deyirdi, kimə tərəf oxuyurdusa, təkcə onu görürdü, yəni Nigarı, Aidanı, Karmeni və s. Atam öz qrimini də özü edirdi. Dəmir çantası vardı, içində qrim üçün lazımi şeylər: bığlar, pariklər, boyalar, kosmetika, kostyum söküləndə tikməkdən ötrü iynə-sap – hamısı vardı. Dirijor ona deyərdi ki, hansı tempdə başlayırsa, başlasın, qalan hər kəs onun ardınca gedəcək.
– Tamaşanı yəni o aparırdı.
– Hə, baş dirijor da belə deyirdi.
– Sanki özü dirijorluq edirdi.
– Bəli, özü. Adətən, dirijora baxmırdı. Atam olduğuna görə demirəm, səsi elə gur idi ki, ona heç mikrofon da lazım deyildi. (Hələ La Skalada müəllimləri ona demişdilər ki, hazır ifaçıdır, əlavə təhsilə ehtiyacın yoxdur). Həmin vaxtlar operanın (Opera və Balet Teatrı – F.H.) akustikası əla idi. 1980-ci illərdə yanğın oldu. Bina tikiləndə tavanın arasına akustika üçün dəvə yunu qoyulubmuş. Yanğın söndürüləndə su yunu ağırlaşdırılıb, korlayıb.
– Nəticədə də akustika itib…
– Çox az qalıb. Səs dalğadır, zala bərabər yayılmalıdır…
– Rauf bəy, atanızın xatirəsinin əbədiləşdirilməsi üçün indiyədək hansı işlər görülüb?
– Atam 2008-ci ildə rəhmətə gedəndə “40” mərasiminə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev də başsağlığına gəlmişdi. Əbülfəslə sovet dövründən, o hələ “Komsomol”da (Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı – F.H.) işlədiyi vaxtlardan tanışam. Yoldaşlıq münasibətimiz vardı. Əbülfəsə belə bir təklif irəli sürdüm ki, Xaqani küçəsindəki binada – atamın yaşadığı mənzildə onun ev-muzeyini açaq. Anam da direktor olsun – Bülbülün ev-muzeyində olduğu kimi. (1977-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılanda həyat yoldaşı Adelaida Məmmədova oraya direktor təyin edilmişdi – F.H.). Əlbəttə, hər hansı məvacibə ehtiyac yoxdur. Keçmiş nazir söylədi ki, məgər indi muzeylərə gedən var? Dedim, siz onların fəaliyyətini layiqincə tanıda bilmədiyiniz üçün getmirlər. Gənclərdə maraq oyatmaq, bu istiqamətdə düzgün təbliğat aparmaq lazımdır. Sözün qısası, təklifimə müsbət cavab verilmədi. 2012-ci ildə mənzili satdıq. Satmazdan qabaq o evə baş çəkdiyim günlərdə içəridə 15 dəqiqədən artıq otura bilmirdim. Atamın əşyaları, evin doğma qoxuları, xatirələr məni kövrəldirdi. Bir dəfə gördüm, evdəki 10-15 illik iki Çin qızılgülündən biri solub əyilib. Çox təəssüfləndim. Atam hələ Türkiyədə işlədiyi illərdə həftədə, on gündə bir gəlib həmin gülləri sulayardıq. Ağlıma bir fikir gəldi. Atamın “Sənə də qalmaz”, ya hansısa başqa bir ifasını telefonda səsləndirdim. Telefonu güllərin yanına qoydum. Mahnı oxunduqca əyilmiş gül titrəməyə, get-gedə düzəlməyə başladı. Atamın başqa üç mahnısını da ardıcıl səsləndirdim: gül tamamilə dikəlib özünə gəldi. Başa düşdüm, gül solub, ona görə ki atam artıq həyatda deyil…

(Lütfiyar İmanov İncəsənət Muzeyində konsertdə. 1984-cü il)
– Belə deyə bilərik ki, gül atanızın səsini, ifasını yenidən eşitməklə canlandı… Bəs muzey təklifiniz nə yerdə qaldı?
– Dediyim kimi, mənzil satıldı; amma binanın üzərində atamın xatirə lövhəsi vurulub. Onu da çətinliklə həyata keçirə bilmişəm. Bir gün Əbülfəs Qarayev mənə zəng vurub dedi ki, Musiqi Muzeyi (Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi – F.H.) yeni ünvana – indiki Muzey Mərkəzinə köçürülür, orada Lütfiyar İmanovun xatirəsinə ayrıca daimi sərgi yaradıla bilər. Razılaşdım, atamın bütün əşyalarını yığıb həmin muzeyə bağışladım. Düzü, sonra anladım ki, səhv iş görmüşəm. Çünki sərgi indiyədək açılmayıb… Onda Cəmil Əmirovdan da atasının (bəstəkar Fikrət Əmirovun – F.H.) əşyalarını muzeyə bağışlamağı xahiş etmişdilər. O qətiyyən razılaşmamışdı.

(Lütfiyar İmanovun yaşadığı binada xatirə lövhəsi)
– Hazırda sizin özünüzdə atanıza aid materiallar qalmayıb?
– Çox az şey, onlar da təsadüfən qalıb: bir neçə kitab, not dəftəri, 5-6 afişa, kasetlər və s.
– Bəs atanızın daimi sərgisinin açılması nəyə görə indiyədək gecikdirilir?
– Bu barədə muzeyin rəhbərliyinə öz iradımı dəfələrlə bildirmişəm, ancaq nəticəsiz qalıb. O muzeydə elə tədbirlər baş tutur ki, musiqi mədəniyyətə aid deyil. Məsələn, fəaliyyəti musiqi ilə kəsişməyən ədəbiyyat xadimlərinin xatirə gecələri baş tutur…
– Bakıda atanızın adının hansıya küçəyə verilməsi, atanızın heykəlinin ucaldılması nəzərdə tutulurmu?
– 2018-2019-cu illərdən bütün aidiyyəti təşkilatlara məktublar yazıram. 2019-cu ildə 40-a yaxın sənət xadiminin iştirakı ilə imza kampaniyası da keçirilib. İmzalayanlar arasında Hamlet İsaxanlı, Çingiz Abdullayev və başqaları da var. Qənirə Paşayeva da təşəbbüsümü dəstəkləyirdi. Bütün cəhdlərə baxmayaraq, təəssüf ki, indiyədək müraciətlərimə doğru-düzgün cavab verilmir. İllərdir, gözləyirəm. Ən azından Sabirabadda mədəniyyət evi var, ora atamın adına verilməlidir. Sabirabadın icra başçısı da məni qəbul etmir…
– Ümidvaram ki, tezliklə bu məsələ öz həllini tapacaq. Müsahibəyə görə çox sağ olun.
– Buyurun.
Müsahibəni götürdü: Firudin Həmidli
AzVision.az