Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son günlər bölgələrdə yağan intensiv qar və şaxtalı hava şəraiti avtomobil yollarında ciddi buzlanmaya səbəb olub. Bu isə sürücülər üçün əlavə risklər yaradır. Xüsusilə qışa texniki cəhətdən hazır olmayan avtomobillərlə yola çıxan sürücülərin məsuliyyətsizliyi qəzaların sayını artıran başlıca amillərdəndir.
Bəs buzlu və qarlı yollarda avtomobili təhlükəsiz şəkildə necə idarə etməliyik?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan avtomobil ustası Sahil Ağabəyli bildirib ki, gecə saatlarından yağan qar səhər yolların müəyyən hissələrində buz təbəqəsi yaradıb. Onun sözlərinə görə, Bakının müxtəlif ərazilərində asfalt quru görünsə də, əslində nəmişlik olan yerlərdə gizli buzlanma müşahidə olunur:
“Sürücülər yola çıxarkən yolun hər hissəsini eyni dərəcədə etibarlı hesab etməməlidirlər. Asfalt üzərində olan nəm qısa müddətdə buza çevrilir və bu, xüsusilə döngələrdə ciddi təhlükə yaradır”.
Usta qeyd edib ki, bu kimi hallarda sürət maksimum azaldılmalı, döngələrə daxil olarkən hətta 5–10 km/saat sürətlə hərəkət etmək tövsiyə olunur. Əks halda avtomobilin sürüşərək yoldan çıxma riski xeyli artır.
Sahil Ağabəyli rayonlara səfər edən sürücülərə də xəbərdarlıq edir. Havanın sərt keçməsi səbəbindən təkərlərin vəziyyəti mütləq yoxlanılmalı, qış təkərlərindən istifadə edilməlidir:
“Qışa hazır olmayan avtomobillə yola çıxmaq yolda qalma və qəza ehtimalını böyük ölçüdə artırır”.

Sahil Ağabəyli: Təkərlərin vəziyyəti yoxlanılmalı, qış təkərlərindən istifadə edilməlidir
O əlavə edib ki, bu günlərdə şəxsi avtomobildən istifadə zəruri deyilsə, sürücülər ictimai nəqliyyata və ya peşəkar sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinə üstünlük verməlidirlər. Çünki belə hava şəraitində baş verən qəzalar maddi zərərlə yanaşı, insan həyatı üçün də ciddi təhlükə yaradır:
“Təcrübəsiz və ya idarəetmə bacarığı zəif olan sürücülər buzlu havalarda sükan arxasına keçməməlidirlər. Qar və buz üzərində avtomobilin davranışını bilməmək riski ikiqat artırır”.
Usta ictimai nəqliyyatla bağlı müşahidəsini də bölüşüb. Onun sözlərinə görə, bəzi avtobuslarda qış təkərləri yoxdur ki, bu da döngələrdə yan sürüşmə təhlükəsi yaradır:
“Sərnişin çoxluğu avtobusu müəyyən qədər stabil etsə də, qış təkərləri olmadıqda tam təhlükəsiz sayılmır. Ona görə də imkan daxilində şəxsi avtomobildən istifadənin azaldılması və yollar tam təhlükəsiz vəziyyətə gələnədək ehtiyatlı davranılması vacibdir”.
Sonda mütəxəssis sürücülərə əlavə tövsiyələr də verib. O bildirib ki, buzlu və qarlı şəraitdə ara məsafəsi adi günlərə nisbətən daha geniş saxlanmalı, kəskin əyləcləmədən və sükanı ani çevirməkdən qaçınmaq lazımdır:
“Sükanı düz vəziyyətdə saxlamaq, idarəetməni tam nəzarətdə tutmaq buzlu yollarda qəzaların qarşısının alınmasında əsas amildir”.
Zeynəb Rzayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.