AZ

Məhəmməd Əli Paşa: ASAN modelinim Pakistanda tətbiqi güclü diplomatik əlaqələrin və ortaq inkişaf məqsədlərinin rəmzidir

Bakı, 21 yanvar, Günel Türksoy, AZƏRTAC

Pakistanda “ASAN xidmət”in istifadəyə verilməsi Azərbaycan və Pakistan arasında artan strateji əməkdaşlığın və qarşılıqlı etimadın göstəricisidir. ASAN modelinin Pakistanda tətbiqi təkcə texniki əməkdaşlıq deyil, eyni zamanda, güclü diplomatik münasibətlərin və ortaq inkişaf maraqlarının təzahürüdür. Azərbaycanda özünü doğruldan ASAN modeli innovativ sistemlər və rəqəmsal inteqrasiya vasitəsilə korrupsiya imkanlarını azaldıb, prosesləri sadələşdirib və gözləmə müddətlərini qısaldıb, dövlət xidmətində etik davranışı və hesabatlılığı təşviq edir. Xidmətlərin daha sürətli və şəffaf şəkildə göstərilməsi, həmçinin çoxsaylı üzbəüz müraciətlərin azaldılması ASAN vasitəsilə dövlət institutlarına ictimai etimadı daha da möhkəmləndirir ki, bu da müasir idarəetmə islahatlarının əsas şərtlərindən biridir. Bu addım Pakistan və Azərbaycan arasında artan strateji tərəfdaşlığı və qarşılıqlı etimadı əks etdirir.

Bunu AZƏRTAC-a müsahibəsində Pakistanın beynəlxalq münasibətlər üzrə eksperti, “Gulf Observer Research Forum”un sədri Məhəmməd Əli Paşa deyib.

Ekspert qeyd edib ki, ASAN modelinin Pakistanda tətbiqi yalnız texniki əməkdaşlıq deyil, həm də güclü diplomatik əlaqələrin və ortaq inkişaf məqsədlərinin rəmzidir. “Azərbaycanın ASAN modeli artıq bir sıra ölkələrdə tətbiq olunub və müxtəlif mühitlərdə effektivliyini nümayiş etdirib. Pakistanın bu təşəbbüsə qoşulması İslamabadın idarəetmədə ən yaxşı qlobal təcrübələrə uyğunlaşdığını bir daha təsdiqləyəcək. Ümumilikdə Pakistanda “ASAN xidmət”in yaradılması ölkədə dövlət xidmətlərinin göstərilmə formasında transformativ bir irəliləyiş kimi qiymətləndirilə bilər”, - deyə o diqqətə çatdırıb.

Məhəmməd Əli Paşanın AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Seçilən
30
2
azertag.az

3Mənbələr