AZ

Seydina Keyta: “Biz buraya uduzmaq üçün gəlməmişik” - MÜSAHİBƏ

“Hamımız bilirik ki, hazırda vəziyyət çətindir. Amma biz hamımız bunun bir parçasıyıq”.

Bunu “Qəbələ”nin yeni transferi seneqallı Seydina Keyta futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycana gəlişiniz necə baş tutdu?

– Açığı, bu bir qədər gözlənilməz oldu. Daha əvvəl bir yerdə oynadığım dostlarımdan biri mənə zəng etdi və “Qəbələ” haqqında danışdı. Klubun yaxşı layihəsi olduğunu dedi. Bundan sonra klub rəhbərliyi ilə əlaqə saxladıq, müqavilə şərtlərini müzakirə etdik və sonda “Qəbələ” ilə müqavilə imzaladım.

– Buraya gəlməzdən əvvəl “Qəbələ” və ya Azərbaycan futbolu haqqında məlumatınız var idi?

– Bəli, bir az məlumatım var idi. Əsasən “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsinə görə Azərbaycan çempionatını izləyirdim. Bundan əlavə, “Qəbələ” haqqında da burada çox məşhur olmuş dostum – Luiz Paulo Hilariodan (Dodo) eşitmişdim.

– Azərbaycana gəlmək qərarını verərkən hansı futbolçularla danışdınız?

– Dodo ilə, “Neftçi”də oynamış Mamadou Mbodj ilə, “Zirə”də çıxış etmiş Şafik Tiqruja ilə və daha əvvəl “Qarabağ”da oynamış Kristian Torreslə danışdım. Onların hamısı “Qəbələ” haqqında çox müsbət fikirlər söylədi və bu da qərarı tez verməyimə səbəb oldu.

– “Qəbələ” hazırda çətin vəziyyətdədir. Sizcə, komandanı bu durumdan çıxarmaq mümkündür?

– Hamımız bilirik ki, hazırda vəziyyət çətindir. Amma biz hamımız bunun bir parçasıyıq. Təkbaşına heç nə etmək mümkün deyil, yalnız komanda olaraq ayağa qalxmalı, birlikdə mübarizə aparmalıyıq. Mənim məqsədim bütün təcrübəmi və qalib ruhumu ortaya qoyaraq bu vəziyyətdən çıxmağa kömək etməkdir. İnanıram ki, birlikdə bacaracağıq, inşallah.

– Mövsümün ikinci yarısı üçün “Qəbələ”nin hədəfləri nələrdir?

– Baş məşqçi və bütün futbolçuların əsas məqsədi mümkün qədər çox xal toplamaq və mövsümü xilas etməkdir. Biz buraya uduzmaq üçün gəlməmişik. “Qəbələ” böyük komandadır və bunu meydanda göstərməliyik.

– Seneqalın Afrika Millətlər Kubokunu qazanacağını gözləyirdiniz?

– Açığı, bəli. Çünki son illərdə Seneqal Afrikanın ən güclü komandalarından biridir və bunu da sübut etdilər. Çox keyfiyyətli və peşəkar futbolçuları var.

İdman.Biz
Seçilən
17
1
idman.biz

2Mənbələr