AZ

Prezidentin Davos mesajları güc qaydasının hökm sürdüyü dünyada milli maraqlarımızın strategiyasıdır ŞƏRH

Bakı, 21 yanvar, AZƏRTAC

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin mahiyyətinə dair ciddi siyasi mesajlarla yadda qaldı. “Avrasiya söhbətləri” proqramında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan təkcə regional aktor deyil, qlobal prosesləri düzgün oxuyan və onlara adekvat cavab verən məsuliyyətli dövlətdir.

Bu sözləri AZƏRTAC-a verdiyi açıqlamada Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev müasir dünya nizamının əsas problemini olduqca açıq, prinsipial şəkildə ifadə etdi və beynəlxalq hüququn normalarının artıq bütün ölkələr üçün mütləq xarakter daşımadığını bildirdi.

“Bu gün beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bu fikirlər, əslində, son illərdə baş verən qlobal proseslərin, regional münaqişələrin, ikili standartların, selektiv yanaşmaların siyasi diaqnozudur. Prezident İlham Əliyevin yanaşması isə romantik beynəlxalq hüquq illüziyalarından deyil, real siyasətin sərt həqiqətlərindən qaynaqlanır. Məhz bu səbəbdən Azərbaycan öz strategiyasını milli maraqlara və real potensiala əsaslandırıb”, - deyə deputat əlavə edib.

Müsahibənin ən mühüm hissələrindən birinin Cənubi Qafqazda yaranmış yeni sülh mühitinə həsr olunduğunu deyən S.Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz bu sülh siyasətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Dövlətimizin başçısı da bu mükafatı şəxsi nailiyyət deyil, məhz Qafqazda sülhə verilən qiymət kimi dəyərləndirdi.

“Prezident İlham Əliyevin fikrincə, region artıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu kontekstdə Azərbaycanla Ermənistan arasındakı münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi tarixi hadisədir. Xüsusilə Ermənistanın enerji və yük daşımaları sahələrində Azərbaycandan asılılığının aradan qaldırılması istiqamətində atılan addımlar sülhün praktiki nəticələrini nümayiş etdirir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Bu vəziyyətdən hamı qazanclı çıxır. Bu yanaşma Azərbaycanın revanşist yox, konstruktiv və gələcəyə yönəlik siyasət yürütdüyünü bir daha sübut edir”, - deyə deputat vurğulayıb.

O diqqətə çatdırıb ki, müsahibədə Azərbaycanın enerji sahəsindəki mövqeyi məsələsi də xüsusi yer tutdu. Azərbaycanın 10-u Avropa İttifaqının üzvü olmaqla 16 ölkəyə təbii qaz ixrac etməsi və boru kəməri qazı ilə coğrafi əhatəsinə görə dünyada birinci yerdə qərarlaşması faktları da ölkəmizin təkcə regional deyil, Avropa miqyasında strateji tərəfdaş rolunu bir daha təsdiqləyir.

“Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazın yeganə enerji ixracatçısıdır və Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Dövlətimizin başçısının vurğuladığı kimi, Avropa bazarı həm qiymət, həm də strateji baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Müsahibənin ən diqqətçəkən məqamlarından biri Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə verilən cavab oldu. Prezident İlham Əliyevin “Biz artıq buna reaksiya vermirik” ifadəsi diplomatik etiket çərçivəsində verilmiş son dərəcə sərt siyasi mesajdır: “Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir”. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı kifayət hesab edir və ikili standartlara əsaslanan qurumlarla münasibətləri dayandırıb. Bu, siyasi ləyaqətin və suveren qərarvermənin nümunəsidir”, - deyə S.Möhbalıyev qeyd edib.

Deputat, həmçinin bildirib ki, Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyənləşdirdiyini bir daha göstərdi. Güc qaydasının hökm sürdüyü bir dövrdə Azərbaycan öz gücünü hüquqla, hüququnu isə milli maraqlarla tarazlaşdırmağı bacaran nadir dövlətlərdəndir. Bu müsahibə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyinə dair aydın siyasi yol xəritəsidir, dövlətimizin sülhə, sabitliyə, əməkdaşlığa və ədalətə əsaslanan yoludur.

 

 

Seçilən
43
1
azertag.az

10Mənbələr