Suriya hökumət qüvvələri atəşkəs rejiminin qüvvəyə minməsinə bir neçə dəqiqə qalmış Türkiyə üçün xüsusi əhəmiyyət daşıyan Karakozak kəndinə nəzarəti ələ keçirib. Məhz bu kənddə vaxtilə Süleyman Şahın məqbərəsi yerləşirdi.
NOCOMMENT.az xəbər verir ki, Türkiyənin 2015-ci ildə həyata keçirdiyi “Şah Fırat” əməliyyatına qədər Süleyman Şahın məqbərəsinin yerləşdiyi yer kimi Karakozak kəndi qəbul olunurdu. Suriyada vətəndaş müharibəsinin başlaması və təhlükəsizlik risklərinin artması səbəbindən məqbərə əvvəlcə tarixi Cabər qalasından Karakozak kəndinə köçürülmüş, 2015-ci ildə isə Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altında Türkiyə sərhədinə yaxın Eşmə kəndinə aparılmışdı.
Hazırda Süleyman Şahın məqbərəsi Eşmə kəndində yerləşir və Türkiyə Silahlı Qüvvələri tərəfindən qorunur. Rəsmi mənbələr gələcəkdə məqbərənin yenidən Karakozak kəndi ərazisinə köçürülə biləcəyini istisna etmir.
Qeyd edək ki, məqbərədə Osmanlı imperiyasının banisi Osman Qazinin babası hesab edilən Süleyman Şah dəfn olunub. Rəvayətə görə, Süleyman Şah Fərat çayında boğularaq həlak olub. Məqbərədə onunla birlikdə döyüşən iki cangüdəninin məzarları da yerləşir. /KONKRET.az/