AZ

Çin avtomobillərinin kütləvi girişi və kütləvi çıxışı: Rusiya təcrübəsi Azərbaycana nə deyir?

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

2025-ci ildə Rusiyada 643 Çin markalı avtomobil salonunun bağlanması bu seqmentdə ciddi struktur problemlərinin mövcudluğunu üzə çıxarıb. Mütəxəssislərin məlumatına görə, salon bağlanmaları əvvəlki illə müqayisədə 1,4 dəfə artıb, yeni açılan satış məntəqələrinin sayı isə üç dəfə azalıb. Nəticədə Çin brendlərinin avtomobil bazarındakı payı 67 faizdən 64 faizə enib. Bu rəqəmlər Çin avtomobillərinin Rusiya bazarında artıq doyma mərhələsinə çatdığını və gəlirlilik böhranının başladığını göstərir.Bu proses fonunda haqlı sual yaranır. Oxşar tendensiya Azərbaycanda da müşahidə oluna bilərmi?

Rusiya bazarında baş verənlərin əsas səbəbi Çin brendlərinin sürətli, lakin koordinasiyasız şəkildə bazara daxil olmasıdır. 2022–2023-cü illərdə Qərb istehsalçılarının çıxışından sonra Çin şirkətləri yaranan boşluğu qısa müddətdə doldurdu. Onlarla yeni brend, yüzlərlə salon açıldı. Lakin 2025-ci ilə gəldikdə məlum oldu ki, bazarın real tutumu bu qədər markanı daşımaq gücündə deyil.

Azərbaycanda da oxşar proses müşahidə olunur. Son illər Çin istehsalı olan avtomobillərin sayı sürətlə artıb, yeni brendlər ard-arda bazara daxil olub. Lakin ölkənin avtomobil bazarının həcmi məhduddur və alıcıların sayı artım tempinə uyğun gəlmir. Bu isə uzunmüddətli dövrdə salonların rentabelliyini sual altına salır.

Mütəxəssislər bildirirlər ki, əsas risk faktorlarından biri brend tanınmasının zəif olmasıdır. Bir çox Çin markası Azərbaycan istehlakçısı üçün yenidir və uzunmüddətli etibar formalaşdırmağa vaxt tapmayıb. Avtomobil alan vətəndaş üçün əsas suallar açıq qalır. Bu marka 5 ildən sonra bazarda qalacaqmı, ehtiyat hissələri təmin ediləcəkmi, ikinci əl bazarında dəyərini qoruyacaqmı?

Rusiya təcrübəsi göstərir ki, bu suallara inandırıcı cavab verə bilməyən brendlər bazardan çəkilməyə məcbur qalır. Orada ən çox bağlanan salonların məhz zəif gəlirlilik göstərən və brend dəyəri aşağı olan şirkətlərə aid olması təsadüfi deyil.

Digər mühüm məqam diler xərcləridir. Avtomobil salonlarının saxlanılması, logistika, kreditli satış mexanizmləri və servis infrastrukturu ciddi maliyyə tələb edir. Satış həcmi stabil olmadıqda bu model dayanıqsız olur. Azərbaycanda da bu risk mövcuddur, xüsusilə satış sonrası xidmət şəbəkəsi zəif olan markalar üçün.

Rusiya bazarında yaşananlar Çin avtomobillərinin keyfiyyətsizliyindən yox, strategiya səhvlərindən qaynaqlanır. Eyni səhvlər Azərbaycanda da təkrarlanarsa, yaxın illərdə salon bağlanmaları, bazardan çıxışlar qaçılmaz ola bilər. Qalib gələnlər isə bazara çox daxil olanlar deyil, uzunmüddətli planı olan brendlər olacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
bizimyol.info

1Mənbələr