AZ

Boşa gedən 4 il, kağız üzərində qalan karyera ümidləri... Universitet diplomu niyə iş tapmağa kömək etmir?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda ali təhsil illərdir gənclər üçün “uğurlu gələcəyin açarı” kimi təqdim olunur. Lakin son statistik göstəricilər bu təsəvvürün getdikcə reallıqdan uzaqlaşdığını göstərir. 2018–2023-cü illərdə Azərbaycanda ali təhsil müəssisələrindən məzun olan 120 776 nəfərdən cəmi 58,6 faizi, yəni 70 769 nəfəri işlə təmin olunub. Bu isə o deməkdir ki, on minlərlə gənc 4 ilini universitet auditoriyalarında keçirsə də, əmək bazarında özünə yer tapa bilməyib.

Universitetlər üzrə məşğulluq reytinqində ümumilikdə 35 ali təhsil müəssisəsi yer alıb. Lakin siyahının aşağı pillələrində olan universitetlərin göstəriciləri xüsusilə narahatlıq doğurur. Məzunlarının işlə təmin olunma səviyyəsinə görə ən zəif nəticə göstərən ali təhsil müəssisələri sırasında Bakı Slavyan Universiteti (33,5%), Bakı Qızlar Universiteti (32,8%), Qərbi Kaspi Universiteti (32%), Naxçıvan Müəllimlər İnstitutu (30,8%) və Odlar Yurdu Universiteti (30,5%) yer alıb.

Bu rəqəmlər göstərir ki, bəzi universitetlərdə məzun olan hər üç tələbədən ikisi ali təhsil diplomu almasına baxmayaraq, əmək bazarında tələb olunmur. Nəticədə diplom formal bir kağıza çevrilir, gənclər isə illərlə aldıqları təhsilin real faydasını görmür.

Problemin əsas səbəblərindən biri universitetlərdə praktiki biliklərin kifayət qədər verilməməsidir. Tədris prosesinin böyük hissəsi nəzəriyyəyə əsaslanır, real iş mühitini əks etdirən praktika proqramları isə ya formal xarakter daşıyır, ya da ümumiyyətlə effektiv təşkil olunmur. Tələbə məzun olduqda CV-də diplom olur, amma işəgötürənlərin tələb etdiyi bacarıqlar praktiki təcrübə, real layihələrdə iştirak, müasir texnologiyalardan istifadə vərdişləri çatışmır.

Bu səbəbdən də işəgötürənlər “təcrübəsiz məzun” riskini üzərlərinə götürmək istəmir, gənclər isə “təcrübə tələb olunur” şərti ilə üz-üzə qalırlar.

Statistikaya görə, 582 ixtisas arasında məzunların ən az iş tapdığı sahələr robot mühəndisliyi, tərcümə, müəllimlik və regionşünaslıq ixtisaslarıdır. Xüsusilə robot mühəndisliyi kimi perspektivli görünən bir sahənin belə işsizlik siyahısında yer alması ciddi suallar doğurur. Bu da onu göstərir ki, problem təkcə ixtisas seçimində deyil, həmin ixtisasların necə və hansı səviyyədə tədris olunmasındadır.

Əmək bazarının real tələbləri ilə universitetlərin tədris proqramları arasında ciddi uyğunsuzluq mövcuddur. Nəticədə bazarın ehtiyac duymadığı ixtisaslar üzrə kütləvi məzun axını yaranır.

Bütün bu mənzərədə bir ali təhsil müəssisəsi müsbət istisna kimi seçilir. 2018–2023-cü illərdə məzunları ən çox iş tapan universitet 67,3% göstərici ilə Bakı Ali Neft Məktəbi olub. Bu göstərici göstərir ki, düzgün qurulmuş tədris proqramı, güclü praktika imkanları və sənaye ilə sıx əməkdaşlıq olduqda ali təhsil real nəticə verə bilir.

Mövcud statistika açıq şəkildə göstərir ki, Azərbaycanda ali təhsil sistemi ciddi islahatlara ehtiyac duyur. Əks halda universitetlər gənclər üçün bilik və bacarıq qazandıran mərkəz deyil, sadəcə vaxt aparan mərhələyə çevriləcək. Boşa gedən 4 il, işə yaramayan diplom və artan gənclər işsizliyi isə həm fərdi, həm də ictimai səviyyədə ağır nəticələr doğuracaq.

Ali təhsilin məqsədi diplom paylamaq yox, cəmiyyət üçün real dəyər yaradan, əmək bazarında rəqabətədavamlı mütəxəssislər yetişdirmək olmalıdır. Əks halda statistika dəyişməyəcək, suallar isə daha da çoxalacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr