AZ

“Azəristiliktəchizat”dan şok ədalətsizlik – pulunu ödədilər, istiliksiz qaldılar

Şirvan şəhəri, Sahib Zeynalov küçəsi, bina 5-də 55 ailənin qışın sərt günlərində istiliksiz qalması artıq təkcə sosial problem deyil, eyni zamanda ciddi hüquqi mübahisə predmetinə çevrilib. Noyabrın 15-dən bu günədək mərkəzləşdirilmiş istilik sisteminin tam dayandırılması nəticəsində borcunu vaxtında ödəyən onlarla ailə də məsuliyyətsiz qonşuların borcuna görə soyuq mənzillərdə yaşamaq məcburiyyətində qalıb. Divarlarda rütubət və kifin əmələ gəlməsi, yaşayış şəraitinin pisləşməsi sakinlərin narazılığını daha da artırıb.

“Azəristiliktəchizat” ASC-nin açıqlamasına görə, binada mövcud olan 55 mənzildən 35-i istilik haqqını ödəyib, 20 mənzilin isə borcu var və ümumi borc məbləği 3 min manat təşkil edir. Qurum bildirir ki, borc tam ödənilməyənədək binaya istilik verilişi mümkün deyil. Lakin bu yanaşma hüquqi baxımdan nə dərəcədə əsaslıdır sualı açıq qalır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Elmin Mahmudov bildirib ki, borc münasibətləri Azərbaycan qanunvericiliyində fərdi xarakter daşıyır və kommunal xidmətlər sahəsində kollektiv məsuliyyət anlayışı mövcud deyil.

Onun sözlərinə görə, hər bir mənzil sahibi yalnız öz öhdəliyinə görə cavabdehdir və bir şəxsin və ya bir neçə şəxsin borcuna görə digər abonentlərin həyati əhəmiyyətli xidmətdən məhrum edilməsi qanunsuzdur.

Hüquqşünas vurğulayır ki, istilik təchizatı sadəcə adi xidmət yox, qış mövsümündə insan sağlamlığına birbaşa təsir edən vacib kommunal xidmətdir:

““Azəristiliktəchizat” ASC-nin borcu olan mənzillərə qarşı hüquqi mexanizmləri mövcuddur: məhkəməyə müraciət etmək, borcun məcburi tutulmasına nail olmaq, cərimələr tətbiq etmək mümkündür. Lakin borcunu ödəyən ailələrin istiliksiz buraxılması nə “Kommunal xidmətlər haqqında” qanunun ruhuna, nə də istehlakçı hüquqlarının qorunması prinsipinə uyğundur. Texniki imkanların məhdudluğu arqumenti də hüquqi məsuliyyəti aradan qaldırmır, çünki xidmət göstərən qurum texniki sistemi elə qurmalıdır ki, borclu və borcsuz abonentləri ayırmaq mümkün olsun”.

Hüquqşünas xüsusilə vurğulayır ki, belə hallarda vətəndaşların məhkəməyə müraciət etmək hüququ var və borcunu ödəyən sakinlər istilik təminatının bərpası ilə bağlı iddia qaldıra bilərlər:

“Bu, faktiki olaraq kollektiv cəzalandırmadır və hüquqi dövlətdə kollektiv cəza yolverilməzdir. Qışın bu soyuğunda uşaqların, yaşlıların və xəstələrin soyuqda qalması artıq sosial məsuliyyətsizlikdən də o tərəfə keçir”.

Onun sözlərinə görə, bu cür hallar kommunal sahədə idarəetmə problemlərini üzə çıxarır və göstərir ki, mövcud mexanizmlər yenilənməlidir:

“Əks halda, bir neçə mənzilin borcuna görə onlarla ailənin normal yaşayış şəraitindən məhrum edilməsi presedentə çevrilə bilər. Aidiyyəti qurumlar problemi yalnız borcun tam ödənilməsi şərti ilə deyil, qanunvericiliyə uyğun, fərdi yanaşma əsasında həll etməlidir”.

Seçilən
31
1
nocomment.az

2Mənbələr