AZ

"Qarabağ" pley-offa vəsiqəni 97 faiz təmin edib!

UEFA Çempionlar Liqasında əsas mərhələnin yeddinci turu bir çox suallara aydınlıq gətirib. 

Fanat.Az xəbər verir ki, 15 komanda artıq ilk "24-lük"də yerini təmin edib. 

Bu da onların qitənin ən nüfuzlu klub yarışının pley-off mərhələsinə yüksələcəyi deməkdir. Söhbət "Arsenal", "Bayern Münhen", "Real Madrid", "Liverpul", "Tottenhem", PSJ, "Nyukasl", "Çelsi", "Barselona", "​​Sportinq", "Mançester Siti", "Atletiko Madrid", "Atalanta", "İnter" və "Yuventus"dan gedir. Adıçəkilən komandalardan "Arsenal" və "Bayern" artıq 1/8 finala birbaşa vəsiqəni də rəsmiləşdirib. Londonlular ikinci yerdən, Münhen nəhəngi isə dördüncü yerdən aşağı düşməyəcək. 

Çempionlar Liqasının sonuncu, səkkizinci turu 28 yanvarda baş tutacaq və bütün oyunlar eyni vaxtda başlayacaq. Həmin gün pley-offa son 9 vəsiqənin sahibi də müəyyənləşəcək. İnanılmaz səslənsə də, Azərbaycan təmsilçisi "Qarabağ" da pley-offa şansını qoruyur. "Qoruyur" nə deməkdir, hətta böyük ölçüdə növbəti mərhələdədir. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" 97 faiz vəsiqəni təmin edib!

Bir həftə sonra "Liverpul"la qarşılaşacaq "Qarabağ" hazırda Liqa mərhələsinin turnir cədvəlində 18-ci yerdə  qərarlaşıb. Son tur ərəfəsində "24-lük"dən kənarda qalan 12 komandadan 4-nün ("Ayntraxt" - 4 xal, "Slaviya" - 3, "Vilyarreal" - 1, "Kayrat" - 1) pley-off zonasına düşməyə, daha 5-nin ("Budyo Qlimt", "Benfika", "Pafos", "Union", "Ayaks" - hamısı 6 xal) isə "Qarabağ"ı yoluna davam edəcək iştirakçıların siyahısından sıxışdırıb çıxarmağa xalı yetmir. Bu o deməkdir ki, təmsilçimiz üçün 3 komandadan təhlükə var. Onlar hesabında hesabında 8 xal olan "Napoli" ilə "Kopenhagen" və 7 xallı yeganə kollektiv "Brügge"dir. 

Aydın məsələdir ki, "Qarabağ" daha bir möcüzə gerçəkləşdirib İngiltərədən xal və ya xallarla dönsə, son turun digər oyunlarındakı nəticələrdən asılı olmayaraq, pley-offa vəsiqə əldə edəcək. Ancaq biz ən pis nəticəyə də hazır olmalıyıq. Bu üzdən "Napoli", "Kopenhagen" və "Brügge"in son turdakı rəqiblərinə baxmaq lazım gəlir. 

“Napoli” – “Çelsi”ni qəbul edəcək
“Kopenhagen” – “Barselona”nın qonağı olacaq
“Brügge” – “Olimpik Marsel”i qəbul edəcək

Sözsüz ki, bu görüşlərdə arzulamadığımız ssenari yaşansa, yəni "Napoli", "Kopenhagen" və "Brügge" qələbə qazansalar belə, "Qarabağ" "24-lüy"ü tərk etməyə bilər. Bunun əksinin olması, yəni ən neqativ variantın reallaşması üçün hazırda pley-off zonasında olan 6 komandanın (“Olimpiakos”, “Atletik Bilbao”, PSV, “Monako”, “Bayer Leverkuzen”, “Olimpik Marsel")  heç birinin uduzmaması lazımdır. Halbuki marsellilər son turda "Qarabağ" üçün birbaşa təhlükə olan "Brügge" ilə qarşılaşacaq. 

Bütün ehtimalları dəyərləndirməli olsaq, "Qarabağ"ın bir ayağının pley-offda olduğunu çəkinmədən söyləyə bilərik. Təsadüfi deyil ki, beynəlxalq analitik portalları da komandamızın növbəti mərhələyə vəsiqəni təmin etməsini 97 faizlə dəyərləndirib.   

Mirağa

Seçilən
47
fanat.az

1Mənbələr