UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun son oyunlarından sonra turnirdə mübarizəni dayandıracaq daha iki komanda bəlli olub.
Msport.az xəbər verir ki, Almaniyanın “Ayntraxt” klubunun Çempionlar Liqası ilə vidalaşacağı dəqiqləşib.
Frankfurt təmsilçisi Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzub və 7 oyundan sonra cəmi 4 xalla pley-off şanslarını itirib.
“Barselona”ya 2:4 hesabı ilə məğlub olan Çexiyanın “Slaviya” klubu isə 7 turdan sonra cəmi 3 xal toplayıb və pley-off mərhələsinə yüksəlmək üçün riyazi şanslarını itirib.
Hazırda pley-offa vəsiqə verən sonuncu – 24-cü pillədə Yunanıstanın “Olimpiakos” komandası qərarlaşıb. Afina təmsilçisinin aktivində turnirin bitməsinə bir tur qalmış 8 xal var.
Qeyd edək ki, daha əvvəl İspaniyanın “Vilyarreal” və Qazaxıstanın “Kayrat” klubları ÇL-in pley-off mərhələsinə yüksəlmək imkanlarını itirmişdilər. Turnirdə iştirak edən digər komandaların isə hələlik ümumi mərhələni ilk 24-lükdə başa vurmaq üçün nəzəri şansları qalmaqdadır.