AZ

Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsində yanğın təhlükəsi aradan qaldırılıb

Bakı, 22 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yaşayış sektorunun yanğın təhlükəsizliyinin təmin olunması sahəsində keçirilən yoxlama tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində tikinti normalarının yanğın əleyhinə tələblərinin pozularaq avtomobil şinlərinin satışı anbarının fəaliyyət göstərdiyi aşkar edilib.

Qanunvericiliyə uyğun olaraq sahibkar qarşısında obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər qoyulub və görülmüş tədbirlər nəticəsində avtomobil şinləri ərazidən daşınaraq yanğın təhlükəsi aradan qaldırılıb.

“Fövqəladə Hallar Nazirliyi bir daha sahibkarlara və çoxmərtəbəli yaşayış binalarının yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə müraciət edərək binaların qeyri-yaşayış sahələrində tikinti normalarının yanğın əleyhinə tələblərinə zidd olan fəaliyyət növlərinin həyata keçirilməsinin yolverilməz olduğunu xatırladır”,- deyə məlumatda bildirilib.

 

Seçilən
23
15
azertag.az

10Mənbələr