ABŞ ilə siyasi münasibətlərdə yaranan fikir ayrılıqları Avropa ölkələrini təhlükəsizlik strategiyalarını yenidən gözdən keçirməyə vadar edir. Xüsusilə nüvə təhlükəsizliyi məsələsi Avropa paytaxtlarında əsas müzakirə mövzularından birinə çevrilib.
NBC-nin avropalı rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, bir sıra ölkələr Vaşinqtonun nüvə müdafiəsi ilə bağlı öhdəliklərinə əvvəlki qədər etibar etmədiyi qənaətinə gəlib. Bu isə Avropada mövcud nüvə potensialının artırılması imkanlarının araşdırılmasına səbəb olub.
Məlumata əsasən, nüvə silahına malik olmayan Avropa dövlətləri iki seçim arasında qərar verməyə çalışırlar: Böyük Britaniya və Fransanın nüvə arsenalına güvənmək, yoxsa uzunmüddətli perspektivdə öz nüvə imkanlarını formalaşdırmaq.
Mütəxəssislər hesab edirlər ki, bu müzakirələr Avropanın gələcək təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərə yol aça bilər.