Ankara, 22 yanvar, AZƏRTAC
İstanbul Texniki Universiteti (İTÜ) ilə Qarabağ Universiteti arasında elmi və təhsil əməkdaşlığına dair Niyyət Memorandumu “Bir millət, iki dövlət” prinsipinin həyata keçirilməsi istiqamətində daha bir addımdır.
Bu barədə İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal AZƏRTAC-ın müxbirinə açıqlamasında bildirib.
“Qarabağ Universiteti təkcə qardaş Azərbaycan üçün deyil, həm də bütün Türk dünyası üçün çox vacibdir”, - deyə rektor vurğulayıb. O, rəhbərlik etdiyi universitetin Türkiyə-Azərbaycan Universitetinin inkişafında fəal iştirakını xatırladıb.
Rektor, həmçinin Qarabağ Universiteti məzunlarının müxtəlif türk dövlətlərində müasir insan resursları bazasının inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib.
“Əminəm ki, İstanbul Texniki Universitetinin 253 illik təcrübəsi Qarabağ Universiteti üçün faydalı olacaq, texniki və mühəndislik sahələrinin inkişafına kömək edəcək. Əsas məqsədimiz Azərbaycan və Türkiyənin gələcək inkişafı üçün yüksəkixtisaslı kadrlar hazırlamaqdır. İnanıram ki, iki universitet arasında əməkdaşlığın nəticələri tezliklə həm təhsil prosesində, həm də elmi tədqiqatlarda özünü göstərəcək və ali təhsildə əməkdaşlığın bir modeli olacaq”, - deyə H. Mandal bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara