AZ

Ermənistan dolayısı ilə Rusiya-Ukrayna müharibəsinin iştirakçısıdır ŞƏRH

Bakı, 22 yanvar, AZƏRTAC

2022-ci fevralında genişmiqyaslı hərbi əməliyyatların başlanmasından bəri Ermənistan Rusiyanın sanksiyalardan yayınma şəbəkələrinin əsas mərkəzlərindən birinə çevrilib. Statistikaya nəzər salsaq, Ermənistanın Rusiya ilə ticarəti 2021-ci illə müqayisədə 300-400 faiz artıb. Rusiyaya ixrac 2021-ci ildə təxminən 880 milyon ABŞ dollarından 3 milyard dollara yüksəlib. Eyni zamanda, Ermənistanın Avropa İttifaqına (Aİ) ixracı azalıb, idxalı artıb. Bu mənzərə real iqtisadi münasibətlərlə izah edilə bilməz, bu, genişmiqyaslı yenidənixrac (re-export) fəaliyyətini sübut edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva səsləndirib.

Onun sözlərinə görə, Ermənistan üzv olduğu Avrasiya İqtisadi İttifaqı daxilində mallara, xidmətlərə, kapitala və işçi qüvvəsinə görə gömrük rüsumundan azaddır. Bu struktur yenidənixrac sxemlərini daha da asanlaşdırır. Artıq 19 sanksiya paketi tətbiq edilsə də, Rusiya lazım olan məhsulları əldə etməyə davam edir. Avropa İttifaqı (Aİ) Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin qeyd etdiyi kimi, “Avropa İttifaqı ilə müəyyən üçüncü ölkələr arasında qeyri-adi ticarət axınları müşahidə edilir və bu mallar sonda Rusiyaya çatır”. Aİ bu dövriyyədə yaxından iştirak edən Ermənistanın bu yolla varlanmasına göz yumur. Ukrayna şəhərlərinin üzərinə Ermənistan vasitəsilə Qərb texnologiyaları “yağır” və Aİ bunu bilə-bilə susmaqda davam edir. Avropa İttifaqı hər vasitə ilə Paşinyan hökumətinin gücləndirilməsi üçün addımlar atır, seçkiqabağı xalq arasında ona inamın artması üçün özlərinin tətbiq etdiyi qaydaların pozulmasına göz yumur.

“Araşdırmalar göstərir ki, yenidənixrac komponentlərinin bir çoxu ikili təyinatlıdır. Onların bəziləri ilkin olaraq mülki məhsullardır - paltaryuyan maşınlar, məişət elektronikası, oyuncaqlar və s. Bu əşyalar sökülür və hərbi məqsədlər üçün yenidən istifadə olunur. Əldə olunan mikroçiplər pilotsuz uçuş aparatlarında istifadə olunur. Eyni zamanda, kibercinayətlər üçün data mərkəzləri mikroçiplərlə təmin edir. Sanksiyalardan yayınma yolu ilə əldə edilən vəsait yenidən hərb meydanına qayıdır. Avropa bir tərəfdən müharibənin başa çatdırılmasına, digər tərəfdən isə müharibənin uzanmasına şərait yaradan bir-birinə tam zidd addımlar atır. Eyni model qızıl və qiymətli daşlar ticarətində də müşahidə olunur. 2022-2024-cü illər arasında yeni yaradılmış, bəziləri oliqarxlar və siyasi elitalarla əlaqəli olan Ermənistan şirkətləri külli miqdarda Rusiya qızılını idxal ediblər. Sanksiyalar Rusiyanın qızıl ixracına maneə yaratdıqdan sonra Ermənistan əsas tranzit marşrutuna çevrilmişdir. Təkcə 2023-cü ildə Ermənistan milyardlarla ABŞ dolları dəyərində Rusiya qızılı idxal etmişdir ki, bu da ölkənin daxili tələbat imkanlarını xeyli dərəcədə üstələyir. Gömrük məlumatları göstərir ki, qızıl fiziki olaraq Ermənistana daxil olmuş, gömrük rəsmiləşdirilməsindən keçmiş və daha sonra mənşə ölkəsi sənədlərdə dəyişdirilərək yenidən ixrac edilmişdir. Bu cür şəraitdə qızıl likvid, sərhədlərarası keçidə uyğun və izlənməsi çətin aktiv kimi ön plana çıxır. Məsələn, Ermənistanda yerləşən Amuldağ qızıl mədəni uzun müddət Qərb investisiyası ilə işləyib. İndi isə həmin layihə Rusiya kapitallı Avropa İqtisadi Bankı vasitəsilə canlandırılır. Qızıl mədənini istismar edən “Lydian Armenia” şirkətinin direktoru Hayk Aloyan bildirib ki, bu bank beynəlxalq maliyyə institutudur və Ermənistanın üzvlüyü bankdan kredit cəlb etmək üçün həlledici amil olub”, - deyə deputat əlavə edib.

P.Vəliyeva bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avrasiya İnkişaf Bankına (AİB) qarşı mümkün sanksiyalarla bağlı 2023-cü ilin yanvar ayında Rusiyanın bankdakı payı 66 faizdən 44 faizə endirilib. Rusiyanın AİB-dəki payı yenidən bölüşdürüldükdən sonra Ermənistanın bankdakı payı 1 faizdən 4 faizə qalxıb, hazırda 5,5 faiz qiymətləndirilir. 2022-2025-ci illər arasında AİB-in Ermənistana faktiki investisiyaları 380 milyon ABŞ dollarına çatıb, 2026-cı ildə isə əlavə olaraq 100-150 milyon ABŞ dolları həcmində investisiya qoymağı planlaşdırır. Bank Ermənistandakı layihələri dəstəkləmək üçün Texniki Yardım Fondundan (TAF) istifadə edir. 2023-cü ilin sonuna olan vəziyyətə görə, TAF portfelinin təxminən 25 faizi Ermənistandakı layihələrə yönəldilib.

“Bu günlərdə dərc edilən Davos İqtisadi Forumunun Qlobal Risklər Hesabatı növbəti illər üçün dünyada ən böyük riskin geoiqtisadi qarşıdurma olacağını deyir. Bu qarşıdurma anlayışı göstərir ki, müasir müharibələr artıq yalnız hərbi meydanlarda deyil, ticarət, maliyyə, resurslar və texnologiyalar üzərindən aparılır. Ermənistanın yenidənixrac sxemləri, ikili təyinatlı məhsulların dövriyyəsi və qızıl tranziti bu qarşıdurmanın tipik alətlərinə çevrilib. Bu, Ermənistanı, sadəcə, regional iqtisadi aktor deyil, qlobal geoiqtisadi parçalanmanın aktiv həlqələrindən biri vəziyyətinə salır”, - deyə deputat vurğulayıb.

O, həmçinin qeyd edib ki, qısamüddətli iqtisadi qazanc naminə sanksiya rejimlərinin aşınması uzunmüddətli perspektivdə institusional etibarsızlıq, investisiya itkisi və beynəlxalq təcrid risklərini kəskin şəkildə artırır. Ermənistanın mövcud mövqeyi məhz bu risk zonasındadır: bir tərəfdən Avropa ilə inteqrasiya iddiası, digər tərəfdən isə müharibə iqtisadiyyatını dəstəkləyən geoiqtisadi axınlarda fəal iştirak. Bu mənada məsələ təkcə Ermənistanın daxili iqtisadi siyasəti deyil, Avropanın öz geoiqtisadi strategiyasının etibarlılığıdır. Selektiv yanaşmalar və siyasi güzəştlər geoiqtisadi qarşıdurmanı zəiflətmir, əksinə onu dərinləşdirir. Əgər Avropa müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək istəyirsə, müharibəni uzadan iqtisadi mexanizmlərlə də mübarizə aparmalıdır.

 

Seçilən
145
azertag.az

1Mənbələr