Paytaxt.org bildirir ki, bununla bağlı Musavat.com-a müraciət edən sakinlərin sözlərinə görə, qəsəbədə kanalizasiya xətti çəkilməsi əsas gətirilərək, yollar üç ildən artıqdır ki, bərpa olunmur.
Sakinlər deyirlər ki, xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır. Yollar tamamilə keçilməz hala düşür, dizə qədər palçıq yaranır və insanlar evlərindən çıxmaqda çətinlik çəkirlər.
“Artıq üç ildir ki, Salyan Rayon İcra Hakimiyyəti “kanalizasiya xətti çəkirik” deyərək məsuliyyəti üzərindən atır. Uşaqlarımızı məktəbə apara bilmirik, yollar gölməçə və bataqlığa çevrilib. Nə maşın keçə bilir, nə də piyada hərəkəti mümkündür. Müasir dövrdə asfalt örtüyünün olmaması qədər faciəli bir vəziyyət yoxdur”, - deyə sakinlər bildirirlər.
Onların sözlərinə görə, icra hakimiyyətinə dəfələrlə müraciət edilsə də, cavablar dəyişmir:
“Su və kanalizasiya xətti çəkilir, yol sonradan salınacaq”.
Sakinlər isə haqlı olaraq sual edirlər:
“Bəs niyə bu xətt 3 ildir çəkilib qurtarmır?”
Şikayətçilər iddia edirlər ki, yollara tökülməli olan çınqıl daşları da sakinlərə ödəniş qarşılığında satılır:
“Üç il ərzində şirkət cəmi 100 metr yolu çəkir, sonra dayanır. Aylar keçir, yenidən kiçik bir hissə salınır və işlər yenə yarımçıq qalır. Nəticədə əziyyəti biz çəkirik. Əgər asfalt çəkə bilmirlərsə, heç olmasa elə etsinlər ki, uşaqlarımız məktəbə gedə bilsin. Küçədən keçmək mümkün olsun”.
Paytaxt.org bildirir ki, Musavat.com məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və icra hakimiyyətinin aidiyyəti şöbələri ilə əlaqə saxlamağa çalışsa da, zənglərimiz cavabsız qalıb.