Bəs Ukrayna müharibəsi başlayandan bu günədək Rusiyanın dondurulmuş aktivlərinin ümumi həcmi nə qədərdir?
Musavat.com xəbər verir ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına görə Qərb ölkələri və müttəfiqlər Rusiya Mərkəzi Bankı və digər dövlət qurumlarının xarici valyuta rezervlərini, dövlət istiqrazlarını və digər aktivləri öz yurisdiksiyalarında dondurub.
Bu aktivlərin həcmi ilə bağlı müxtəlif beynəlxalq mənbələrdə hesablamalar mövcuddur. Müxtəlif hesablamalara və Qərb mediasının yazdığına görə, təxminən 300-350 milyard dollar civarında xarici aktivlər Qərb ölkələrində dondurulub. Dondurulan aktivlər əsasən Rusiya Mərkəzi Bankının xarici valyuta ehtiyatları və dövlət istiqrazlarıdır.
Avropa İttifaqı çərçivəsində Rusiyanın təxminən 210 milyard avro dövlət aktivi dondurulub. Əlavə olaraq rusiyalı iş adamlarının və Rusiya vətəndaşları olan iş adamlarına məxsus şirkətlərin özəl 28 milyard avro aktivləri də dondurulub.
Ekspertlər isə bildirir ki, bu məbləğlər təxmini hesablamalardır. Aktivlərin qiyməti bazar şərtlərinə görə dəyişir və bəzi ölkələr hələ də konkret rəqəmlər açıqlamayıb. Ona görə də Rusiyanın dondurulmuş aktivlərinin ümumi məbləğinin daha böyük olduğu istisna deyil. Dondurulmuş aktivlərin bir hissəsi yalnız istifadə olunmayan vəziyyətdədir. Bəzi ölkələrdə dondurulmuş aktivlərdən gələn faiz gəlirləri artıq Ukraynaya yardım üçün istifadə edilir.