Rusiyada ibtidai təhsil alan şagirdlərə “Əsas təhlükəsizlik və vətənin müdafiəsi” (OBZR) fənni çərçivəsində pilotsuz uçuş aparatlarının (dronların) yığılması və istifadəsi öyrədiləcək.
"Cebheinfo.az" xəbər verir ki, “RIA Novosti”-nin məlumatına görə, hökumət OBZR dərsləri üçün məktəb siniflərində mövcud olmalı olan tədris vasitələrinin siyahısını təsdiqləyib.
Siyahıya silah maketləri və ilkin tibbi yardım vasitələrindən tutmuş əsgər su qabı, çadır və gecəgörmə cihazına qədər təxminən 90 adda müxtəlif material daxildir.
Əsas tədris dəstinə “Kalaşnikov” markalı avtomat və “Makarov” markalı tapançasının çəki və ölçü maketləri, “AK-74” darağı və maket patronlar, həmçinin “RGD “və “F-1” əl qumbaralarının təlim məqsədli maketləri daxildir.
Şagirdlər və müəllimlər üçün dron təlim dəstləri, müxtəlif tipli PUA-ların hazırlanmasına yönəlmiş tədris paketləri, dron pilotajı üçün proqram və avadanlıq sistemləri, dron konstruksiya dəstləri və “hava yarışı” simulyasiyaları üçün proqram təminatları yer alır.
Bundan başqa, əsas proqramlaşdırma və pilotaj təlimi keçmək mümkün olan tədris dronları, elektron atış poliqonları, maneə zolağı avadanlıqları, ratsiyalar, durbinlər, xilasetmə vasitələri və radiasiya-kimyəvi kəşf üçün mini laboratoriyalar da siyahıya salınıb.