Bakı, 22 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qax Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qax rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri barədə fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.
Panel müzakirəsində çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahənin dinamik inkişafı təmin olunub. Kənd təsərrüfatı ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, bölgələrdə məşğulluğun artırılması və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Elvin Paşayev vurğulayıb ki, ölkənin əlverişli təbii-iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır, dövlət dəstəyi isə bu prosesin sürətləndirilməsində əsas amillərdən biridir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, panel müzakirələrinin keçirilməsində əsas məqsəd aqrar sahədə dövlət dəstəyi mexanizmləri barədə maarifləndirmə işlərini genişləndirmək və fermerləri mövcud dəstək proqramları ilə daha yaxından tanış etməkdir. Bildirib ki, ilk dəfə olaraq müxtəlif dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkili vətəndaşların subsidiya, güzəştli kredit, sığorta, lizinq və digər dəstək mexanizmləri barədə dolğun məlumat əldə etməsinə imkan yaradır. Anar Cəfərov banklar, bank olmayan kredit təşkilatları, sığorta və lizinq şirkətlərinin panel müzakirələrdə fəal iştirakını müsbət dəyərləndirib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi prosesinin əsas istiqamətləri barədə məlumat verib. O, Aqrar Subsidiya Şurasının 2026-cı il üçün açıqladığı subsidiya əmsalları, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların satışı üzrə tətbiq olunan güzəştlər, subsidiyalaşdırılan avadanlıqların siyahısının genişləndirilməsi, həmçinin AKİA tərəfindən təqdim olunan kredit və mikrokredit mexanizmləri haqqında danışıb. Yalçın Camalov subsidiyaların verilməsi prosesinin tam elektronlaşdırılmasının şəffaflıq və hesabatlılığı artırdığını vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, aqrar sahəyə dövlət dəstək mexanizmləri barədə davamlı məlumatlandırma fermer və sahibkarlar üçün bu imkanların daha əlçatan olmasına şərait yaradır. Qeyd edib ki, həyata keçirilən müzakirə formatı bölgələrdə fermerlərin dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, 2020-ci ildən sonra aqrar sahəyə dövlət dəstəyi mexanizmlərinin əhatə dairəsinə azad edilmiş ərazilər də daxil edilib. Diqqətə çatdırıb ki, öz yurdlarına köç etmiş vətəndaşlara əkin təyinatlı torpaqlar ayrılıb, torpaqlardan səmərəli istifadə üçün təlim və treninqlər təşkil olunub. Vüqar Hüseynov əlavə edib ki, dövlət dəstəyi yalnız subsidiya və güzəştli kreditlərlə məhdudlaşmır, hazırda azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələri də keçirilir.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi üzrə ikinci investisiya müsabiqəsinə sənəd qəbulu fevralın 5-də başa çatır və sahibkarlar bu müddətədək tələb olunan sənədləri nazirliyə təqdim edə bilərlər.
Panel müzakirəsi iştirakçı dövlət qurumları və özəl təşkilatların təqdimatları ilə davam edib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, eləcə də “Rabitəbank”, “Unibank”, “Aqrar Kredit” və “FINCA Azerbaijan” bank olmayan kredit təşkilatlarının nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.
Qeyd edək ki, 2025-ci ildə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda İmişli, Ağdaş, Zəngilan, Quba, Samux, Şəmkir, Kürdəmir, Xaçmaz, Göygöl, Şamaxı, Qusar və Saatlı rayonlarında, eləcə də Naxçıvan və Xankəndi şəhərlərində ümumilikdə 14 panel müzakirə keçirilib.
2026-cı ildə ilk panel müzakirələri Oğuz və Qax rayonlarında təşkil olunub. Növbəti tədbirlərin Quba və Qusar rayonlarında keçirilməsi nəzərdə tutulur.