AZ

Qazaxıstan və Türkiyə neft-qaz sahəsində tərəfdaşlığı möhkəmləndirir

Astana, 22 yanvar, AZƏRTAC

Ankarada Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti İdarə Heyətinin sədri Asxat Hasenov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş keçirilib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, görüş zamanı “KazMunayQaz”ın Türkiyənin energetika sektoru şirkətləri ilə qarşılıqlı fəaliyyətinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Xüsusilə “KazMunayQaz” və Türkiyənin “Turkish Petroleum Corporation” dövlət korporasiyası hər iki ölkənin ərazisində perspektivli geoloji-kəşfiyyat layihələrinin öyrənilməsi istiqamətində fəal iş aparıblar. Hazırda birgə təşəbbüslərin praktik həyata keçirilməsi mərhələsinə keçid məsələsi nəzərdən keçirilir.

“KazMunayQaz”ın rəhbəri konstruktiv dialoqa hazırlığa görə Türkiyənin Energetika Nazirliyinə təşəkkür edib. A.Hasenov türkiyəli tərəfdaşlarla qarşılıqlı fəaliyyətin genişləndirilməsinin geoloji-kəşfiyyat işlərinin fəallaşmasına və qabaqcıl texnologiyaların tətbiqinin təmin olunmasına imkan verəcəyinə əminliyini ifadə edib.

Görüşün yekunlarına görə tərəflər neft-qaz sahəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə işin davam etdirilməsi niyyətini təsdiqləyiblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
80
azertag.az

1Mənbələr