Mənbələrə görə, Dəməşq ölkənin şimalında yerləşən strateji obyektlə bağlı Moskva ilə danışıqlara hazırlaşır...
Suriya hökuməti Rusiyanın Suriyadakı üç hərbi obyektindən biri olan, ölkənin şimalında yerləşən Əl-Qamişli aerodromunu tərk etməsi ilə bağlı Moskva qarşısında məsələ qaldıra bilər.
Poliqon xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə vəziyyətlə tanış olan suriyalı mənbə məlumat verib. Qeyd olunur ki, Rusiya bu aerodromdan 2019-cu ildən etibarən istifadə edir.
Mənbənin sözlərinə görə, sözügedən məsələ ilə bağlı danışıqlar Həsəkə əyalətinin kürd silahlı birləşmələrinin nəzarətindən çıxaraq mərkəzi hakimiyyətin yurisdiksiyasına keçməsindən sonra başlaya bilər. “Düşünürəm ki, ruslardan Əl-Qamişlini tamamilə tərk etmələri xahiş olunacaq. Artıq onların orada görəcəyi iş qalmayıb”, – deyə mənbə bildirib.
Məlumatda vurğulanır ki, mümkün danışıqlar tərəflərin bir-birini mövcud razılaşmaları pozmaqda növbəti dəfə ittiham etməsi fonunda baş tuta bilər. Bu isə Suriyanın şimal-şərqindəki təhlükəsizlik balansının və xarici hərbi qüvvələrin mövcudluğunun yenidən nəzərdən keçirilə biləcəyini göstərir.
Əl-Qamişli aerodromu Suriyanın şimalında mühüm strateji əhəmiyyətə malik obyektlərdən biri hesab olunur və uzun müddət bölgədəki mürəkkəb siyasi-hərbi vəziyyətin əsas nöqtələrindən biri olub. Ekspertlərin fikrincə, Dəməşqin bu addımı regionda qüvvələr balansına, eləcə də Rusiya–Suriya münasibətlərinin gələcək formatına təsir göstərə bilər.
Poliqon.info