Masallıda 2025-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
“QHT.AZ” saytının xüsusi müxbiri Akif Ağayev xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisin sədr müavini Musa Qasımlı, deputat Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağından əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov hesabat məruzəsi ilə çıxış edərək 2025-ci ildə rayonda görülmüş işlər, əldə olunmuş sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritet vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmiz üçün inkişaf və tərəqqi ili olub, aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi sabitlik möhkəmlənib, əhalinin rifah halı yüksəlib. Bu inkişaf Masallı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılmasına, sosial infrastrukturun yaxşılaşdırılmasına imkan yaradıb.
İclasda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin sədr müavini Musa Qasımlı, deputat Fəzail İbrahimli, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov, “47 nömrəli Yol İstismarı” MMC-nin direktoru Mahmud Bağırov, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru İlqar Ramizoğlu, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həbib Həbibov və başqaları görülmüş işləri müsbət qiymətləndirərək qarşıdakı dövr üçün təkliflərini səsləndiriblər.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə həyata keçirilən dövlət siyasəti, strateji islahatlar və qarşıda duran yeni hədəflərdən bəhs edib, Masallı rayonunda gələcək dövrdə icra olunacaq əsas prioritet istiqamətləri diqqətə çatdırıb.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub və müraciətin mətni tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda rayonun ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında, eləcə də təhsil və səhiyyənin inkişafında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.