Lerikdə qarın ağırlığına tab gətirməyən evin dam örtüyü uçub. Ailə isə yaxınlarının mənzilinə yerləşdirilib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Hamarmeşə kəndinə yağan intensiv qar Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü sıradan çıxarıb.
Hadisə zamanı evdə ailə üzvlərindən iki nəfər olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb. Bütün əşyalar qonşuların köməyi ilə təhlükəsiz şəkildə yaxınlıqdakı evə daşınıb.
Məsələ ilə bağlı rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirdi ki, Hamarmeşə kəndində qarın ağırlığına tab gətirməyib, damı sıradan çıxan ev əslində sahibkara məxsus yardımçı tikili, gözətçi evidir. 1 otaqdan ibarət olan sözügedən ev yaşamaq üçün həmin ailəyə verilib: “Görünür tikinti işləri normaya uyğun aparılmayıb və bu hadisə baş verib. Artıq, ailə yaxınlarının evlərinə köçürülüb”.
Qeyd edilib ki, gecə rayon ərazisində mənfi 10 dərəcə şaxta müşahidə olunub. Hazırda gün çıxıb və qar əriməyə başlayıb. Kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Əhalinin sıx yaşadığı kəndlərə gedən yollar qardan təmizlənib. Lənkəran-Lerik yolu da açıqdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.