AZ

Azərbaycan dünyanın enerji nəhəngi olacaq

Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində təşkil olunan “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə çıxışı zamanı ölkənin bərpaolunan enerji sahəsində strateji hədəflərini açıqlayıb. Dövlətimizin başçısı bildirib ki, artıq iki iri bərpaolunan enerji stansiyası istismara verilib və növbəti altı il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücünün əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

Prezident İlham Əliyev vurğulayıb ki, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə ümumilikdə 8 giqavat gücə nail olunması gözlənilir. Ölkə başçısı həmçinin, Azərbaycanın böyük Günəş və külək potensialına malik olduğunu, bu sahədə bir neçə layihə üzrə müqavilələrin bağlandığını və hazırda enerji saxlanması imkanlarının yaradılması üzərində də iş aparıldığını da qeyd edib.

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji strategiyasında bərpaolunan mənbələrin payının artırılması prioritet istiqamətlərdən birinə çevrilib.

Bu xüsusda, Prezident İlham Əliyevin vurğuladığı 2032-ci ilədək günəş və külək enerjisi üzrə 8 giqavat güc hədəfinin hansı mənbələr hesabına reallaşacağı, bunun üçün tələb olunan investisiyaların həcmi, enerji balansına və enerji təhlükəsizliyinə təsiri, eləcə də perspektivdə beynəlxalq əməkdaşlıq imkanları xüsusi diqqət çəkir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov xatırladıb ki, Azərbaycanın günəş və külək enerji potensialı hesablanmış və bu rəqəmin 200 giqavatdan çox olduğu bildirilir.

“Bu gücün 157 giqavatı dənizdə, qalan hissəsi quruda yerləşir. Azərbaycanda hazırda quruda bərpaolunan enerji mənbələrin yaradılması ilə bağlı investisya layihələri icra edir.  Təbii ki, işlər sürətlə davam etdirilir.  Yaxın gələcəkdə quruda günəş və külək stansiyaların qurulması ilə yanaşı Xəzər dənizində də bu iş ərsəyə gətiriləcəkdir.  Azərbaycan qazma eneji resurslarından əldə olunan gəlirin bir hissəsini bərpaolunan enerji sektorun inkişafına yönəltmək niyyətindədir. Əldə olunmuş nəticələr pozitivdir.  Hesab edirəm ki, yaxın gələcəkdə enerji sektorumuzda bərpaolunan enerjinin payı artacaqdır”.

Deputat həmçinin bildirib ki, 2032-ci ilə qədər bərpaolunan enerji hasilatımızı 8 giqavata qədər çatırılması hədəflənməsində, habelə, bu istehsal sahələrin yaradılmasında xarici investisyalar əsas rol oynayır:

“Amma bununla yanaşı daxili investisyalar da bərpa olunan enerji sektoruna yatırılacaqdır. Bu baxımdan 2032-ci ilə qədər bu sektora nə qədər investisyaların cəlb olunacağı ilə bağlı dəqiq rəqəmi ifadə etmək çətindir. Amma bu rəqəm milyardlarla dollar həcimində olacaqdır.

Azərbaycan bərpa olunan enerji sektorunu inkişaf etdirməklə ancaq ölkə daxili enerji tələbatı ödəməklə kifayətlənmək niyyətində deyil. Bu gün biz təlabatımızdan 2 giqavat çox enerji istehsal edirik. Gələcəkdə bu, 8 giqavata çatacaqdır. Bu da ölkəmizə Avropaya bərpaolunan enerjini də ixrac etməyə imkan verəcəkdir. Azərbaycan bu gün qazla Avropanın enerji təhlükəsizliyində iştirak etdiyi kimi bir müddətdən sonra bərpaolunan enerji ilə də Avropanın enerji təhlükəsizliyin güclənməsinə töhfə verəcək”,- deyə o qeyd edib.

Sədr müavini onu da əlavə edib ki, hazırda Azərbaycan bərpaolunan enerji sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi layihələrdə BƏƏ-nin Masdar, Səhudiyyə Ərəbistanın Aqva Pover, Britaniyanın BP və Çinin şirkətləri ilə əməkdaşlıq edirik:

“Məhz xarici sərmayələr hesabına Qaradağ Günəş və Abşeron-Xızı Külək elektrik stansiyaları istifadəyə verilmişdir. İşğladan azad olunmuş ərazilərdə daha üç stansiyanın tikintisi davam edir. Həm də Neftçala və Biləsuvar rayonlarında da Günəş Elektrik Stansiyaları tikilməkdədir. Növbəti mərhələdə bərpaolunan enerji sektorumuza investisya qoymaq istəyən xarici tərəfdaşların təşəbbüsləri olarsa, Azərbaycan investisyalara açıqdır”.

A.Badamov eyni zamanda bərpaolunan  enerji hasilatının artmasının ənənəvi enerji istehsalı üçün istifadə olunan təbii qaza 4-5 milyard kubmetr qənaət olunmasına imkan verəcəyinə də diqqət çəkib:

“Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə görə 2027-ci ilə qədər Azəbaycan Aİ-na 16 milyard kubmetr qaz ixrac etməlidir. Ölkəmiz hazırda 13 milyard kubmetr qazı Avropa İttifaqına ixrac edir. Bu da ölkəmizə  bərpaolunan enerji resursları hesabına qənaət olunacaq 4-5 milyard kubmetr qazın ixracından əlavə gəlirlər qazandıracaq. Həm də bu, Azərbaycanın Avropada mövqelərinin möhkəmlənməsinə töhfə verəcəkdir”,- deyə sədr müavini fikrini tamamlayıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov isə qeyd edib ki, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilməklə yanaşı, ölkə başçısının energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı müvafiq sərəncamları və qəbul edilmiş qanunlar enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsaslarını formalaşdırmaqla yanaşı, bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir.

“Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.

Hazırda ölkəmizdə yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt, iqtisadi potensial 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir.

Bərpa olunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 1830 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1444 MVt gücündə 65 su elektrik stansiyası, 64 MVt gücündə 5 külək elektrik stansiyası, 278 MVt gücündə 9 günəş elektrik stansiyası, 37 MVt gücündə BİO elektrik stansiyası və 7,3 MVt gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpa olunan enerji mənbələri ümumi enerji gücünün təxminən 19%-ni təşkil edir”.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycanda 2027-ci ilədək ümumi gücü 2 qiqavatdan çox olan yaşıl enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur:

 “Günəş və külək enerjisi üzrə güc mənbələri aşağıdakı GES və KES-lər hesabına təmin ediləcəkdir. Hazırda “Qaradağ” Günəş Elektrik Stansiyasının gücü 230 MVt-dır. Bu stansiya 26 oktyabr 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən pilot yayihə kimi 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib istismara verilibdir. Stansiyada hər il təqribən 500 milyon kVt·saat elektrik enerjisi istehsal olunur ki, bu da hər il 110 milyon kubmetr həcmində təbii qaza qənaət deməkdir. Eyni zamanda, bu stansiyanın istismara verilməsi hər il 200 min ton karbon qazı emissiyasının atmosferə atılmasının qarşısını alır.

"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının gücü 240 MVt-dır. Bu stansiya 2026-cı il 8 yanvarda  layihənin investoru kimi Səudiyyə Ərəbistanının aparıcı enerji şirkəti olan “ACWA Power” şirkəti tərəfindən istismara verilibdir. “ACWA Power” şirkətinin ölkəmizdə daha böyük potensiala malik olan layihələri də var. Ölkəmiz bu şirkətin dəstəyi ilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasını da həyata keçirməyi planlaşdırır. Stansiyada ildə 1 milyard kVt·saat elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon kub metr təbii qaza qənaət etməyə və 400 min tondan artıq karbon qazı emissiyasının atmosferə atılmasının qarşısını almaq deməkdir.

 “Şəfəq” Günəş Elektrik Stansiyasının gücü 240 MVt-dır. Bu stansiya BP şirkəti tərəfindən həyata keçirilir. Burada “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelin tətbiqi planlaşdırılır. Stansiyada ildə 500 milyon kVt·saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır, bu isə hər il 150 milyon kub metrədək təbii qaza qənaət edilməsinə və  karbon qazı emissiyasının 50 faiz (330 min ton) azaldılması deməkdir.

Qobustan” Günəş Elektrik Stansiyasının gücü 100 MVt-dır. 2024-cü ildən stansiyanı Çinin “Universal International Holdings Limited” şirkəti hazlrlayır. Stansiyada hər il 260 milyon kVt·saat elektrik enerjisi istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da ildə 57 milyon kub metr təbii qaza qənaət ediləcəyinə və atmosferə atılan karbon qazı emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

“Üfüq” və “Şəms” günəş elektrik stansiyalarının hər biri 50MVt-dır. Bu stansiyalar 2025-ci il iyunun 2-də imzalanan icra müqavilələri əsasında “Nobel Energy” şirkəti tərəfindən Cəbrayıl rayonunda inşa olunacaqdır.

Həmçinin, “Meqa” layihə çərçivəsində Masdar şirkəti tərəfindən Biləsuvar rayonunda 445 MVt, Neftçala rayonunda 315 MVt gücündə olan 2 ədəd GES tikilir. Çinin “JA Solar” şirkəti tərəfindən istehsal olunan 943 mindən çox panelin quraşdırılması üçün nəzərdə tutulan 1400 hektar sahəyə hər birinin gücü 620-650 Vt olan panellər mərhələli şəkildə əraziyə gətirilir. 2025-ci il oktyabrın 2-də “Biləsuvar” GES-də ilk günəş paneli artıq quraşdırılıb”,- deyə R.Muradov əlavə edib.

Milli Məclisin üzvü nəzərə çatdırıb ki, bu həcmdə bərpaolunan enerji istehsalı ölkəmizin enerji balansında  və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır:

“Belə ki, hazırda ölkənin enerji sisteminin generasiya gücü təxminən 10 min meqavata bərabərdir və gələcəkdə yaradılacaq bir çox yeni bərpaolunan enerji generasiya gücləri hesabına ölkəmiz həm artan daxili tələbatı lazımi səviyyədə təmin edəcək, həm də ixrac potensialını artıra biləcəkdir. Təsadüfi deyildir ki, hazırda ölkəmizdə həm ənənəvi generasiya gücləri, həm də bərpaolunan generasiya gücləri paralel şəkildə aparılır. Həmçinin, ölkəmizin bərpaolunan enerji baxımından münasib coğrafi ərazilərə malik olması, xüsusilə də Xəzərin ölkəmizə aid hövzəsində külək potensialının 157 giqavat gücündə olması yuxarıda söylədiklərimizi bir daha sübut edir”.

Rövşən Muradov eyni zamanda bildirib ki, günəş və külək enerjisi potensialı fonunda Azərbaycan bir sıra ölkələrlə bu sahədə layihələr üzrə əməkdaşlıq edir və mövcud perspektivlər gələcəkdə müsbət nəticələr əldə olunacağına ümid verir.

“Ölkəmiz günəş və külək enerjisi potensialını inkişaf etdirmək üçün bir sıra ölkələr və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Bura Birləşmiş Ərəb Əmirliklərini (“Masdar” şirkəti ) Səudiyyə Ərəbistanını (“ACWA POWER” şirkəti) BP şirkətini və bir neçə Qərbi Avropa ölkələrini Almaniya, Fransa Hollandiya, İspaniya, İsveçrənin enerji şirkətlərini aid etmək olar. Hazırda bu ölkələrlə danışıqlar aparılır və layihələr artıq müzakirə edilir.  BƏƏ və Səudiyyə Ərəbistanı ilə isə böyük layihələr var.

Günəş və külək enerjisinin genişlənməsi daxili qaz istehlakının azalmasına, ixrac potensialının artmasına, eyni zamanda atmosferə atılan karbon qazı emissiyasının azalmasına və bütün bunların timsalında isə  həm ekologiyaya, həm də iqtisadiyyatımıza müsbət təsir göstərəcəkdir. Belə ki, yuxarıda adı çəkilən stansiyaların istismara verilməsi hər il ölkəmizdə istehlak olunan təqribən 537 milyon kub metr təbii qaza qənaət edilməsi və atmosferə atılan karbon qazı emissiyasının 1 milyon 54 min ton azaldılması deməkdir”,- deyə deputat qeyd edib.

Seçilən
66
50
modern.az

10Mənbələr